2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. İlham Əliyevin 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Xalqın səsinin mütləq əksəriyyətini qazanmış İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib: “İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifələrdən biridir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güc¬lü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm!” Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb, Azərbaycanın iqtisadi uğurları daha da böyüyüb, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artıb, güclü sahibkarlıq sinfi yaranıb. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilməsi İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin nəticəsidir.
Prezident cənab İlham Əliyevin bütün hakimiyyəti boyu Azərbaycan xarici siyasətinin bir prioriteti olub, o da Qarabağ münaqişəsi və onun həlli üçün çalışmaq.
Prezident cənab İlham Əliyev Azərbaycanı beynəlxalq maraqları təmin edən transmilli layihələrə qoşdu. Sabitliyin qarantı olub, böyük layihələri, beynəlxalq brendləri ölkəyə gətirdi. Burda sabitliyin və inkişafın olmasını təkcə Azərbaycan xalqının deyil, həm də regionun və qlobal güclərin marağına çevirdi. Burda böyük layihələri olan transmilli korporasiyalar, beynəlxalq tədbirlər keçirən brendlər ölkəni, eyni zamanda burdakı multikultural dəyərləri, həm də Qarabağ problemini tanıdı.
İlham Əliyev əvvəlcə iqtisadi sabitlik və inkişaf təminatı yaratdı. Azərbaycanın milli sərvəti olan neft kapitalını insan kapitalına çevirməyə başladı, hərbi sənayeni gücləndirdi. İlham Əliyev regionun ən güclü ordusunu qurdu və onu hərbi-texniki baxımdan mobilizasiya etdi. Faktiki olaraq bu yöndə üzləşdiyi təzyiqlərin hamısını şəxsən özü dəf etdi. Torpaqların azad edilməsi üçün lazım olan infrastrukturu qurdu, Azərbaycanın peykini orbitə buraxdı. Və bir gün müharibə başlayanda biz bütün bunları nəyə lazım olduğunu anladıq. Məcburi köçkün olan yüz minlərlə vətəndaşı çadırlardan işıqlı evlərə daşıdı, amma hər dəfə onların özünə də “Qarabağa qayıdacağıq” dedi.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 19 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri