Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələri son illərdə müstəsna səviyyəyə yüksəlib. İki dövlətin unikal və təkrarolunmaz münasibətlərində diqqətçəkən məqam odur ki, Türkiyənin taleyində həlledici dövrlərdə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqının qardaş ölkənin yanında olduğu kimi, Azərbaycan üçün də tarixi məqamlarda Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı bizimlə olub.
İki qardaş ölkə arasında olan münasibətlər regionun siyasətini müəyyən edən, regionda sülhə və təhlükəsizliyə təminat verən güc mərkəzinə çevrilib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri, bu görüşlərdə səslənən bəyanatlar və imzalanan sənədlər sanki təkcə bu iki qardaş ölkənin deyil bütöv regionun gələcəyinə, onun inkişafına, perspektivinə hesablanmış layihə və proqramlardır.
Hər dəfə bu görüşlərin keçirildiyi şəhərlərdən (Şuşa, Naxçıvan və s.) tutmuş, imzalanan sənədlərin adına, mahiyyətinə, məqsədlərinə və sair kimi bütün amillərlə dünyaya bir pozitiv mesaj göndərilir. Bu görüşlər, hər dəfə həm bu ölkələrin taleyində, həm də regionun geosiyasi durumunda ciddi müsbət dəyişikliklərin, əhəmiyyətli hadisələrin baş verməsinə zəmin yaradır.
Hər zaman olduğu kimi, Türkiyə və Azərbaycanın prezidentlərinin bu dəfəki görüşü həm dövlətlərin, həm regionun, həm də ümumilikdə dünya siyasətinə yeni perspektivlər, yeni yanaşmalar vəd edir. Eyni zamanda, bu, ölkələrimiz arasında nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə yanaşı, regionun iqtisadi, o cümlədən ticari inkişafına, yeni müstəviyə keçməsinə təkan verəcəyinə inam yaradır. İmzalanan sənədlər keçirilən tədbirlər bu iki qardaş ölkə arasında münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə regionda sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
Belə ki, təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayətdə Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Prezidentlərin açılışında iştirak etdikləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksi isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrətinin daha artmasına, hərbi silah və sursatların təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, Türkiyə-Azərbaycan tandeminin hərbi potensialının və regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi nüfuzunun artmasına zəmin yaradacaqdır.
Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış Niyyət Protokolu deməyə əsas verir ki, ən yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq, bu dəhliz vasitəsilə Azərbaycanla Türkiyə arasında logistik imkanlar genişlənəcək və yükdaşıma həcminin daha da artacağına şərait yaranacaq.
Azərbaycan Respublikası 30 ildən artıq dövr ərzində təzyiqlərə, məhrumiyyətlərə məruz qalmasına səbəb olan problemini – Qarabağ problemini birdəfəlik həll etdikdən, bütün ərazisində suverenliyini tam təmin etdikdən 5 gün sonra, sentyabrın 25-də müttəfiqi Türkiyə ilə həm bu iki dövlət, həm region, həm də bütövlükdə Avrasiya məkanı üçün vacib və əhəmiyyətli olan bir layihənin – Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəaliyyətə başladı fikrini söyləmək olar. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi regionda sülhün və təhlükəsizliyin bərqərar olması, Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və sosial inkişafı baxımından mühüm rol oynacaq, “Qafqaz evi” ideyasının təşəkkül tapmasına zəmin yaradacaq.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi