Azərbaycanın müasir tarixində mühüm əlamətdar günlər yaşanır. Tarixi Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə qardaşlığı fonunda bölgədə mühüm layihələrin reallaşması üçün münbit şərait formalaşıb. Artıq bu regionda sülhə və təhlükəsizliyə heç bir maneə olmadığından proseslərin daha intensiv şəkildə inkişafı mümkündür. Məhz Azərbaycanın Milli Qurtuluş günündə Şuşada qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsinin imzalanması tarixi reallığı özündə ehtiva etdi.
Şuşa bəyannaməsi Qars müqaviləsinin davamı olmaqla yanaşı, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələ olacaq. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət mövcud deyil. Hər iki qardaş dövlət bütün beynəlxalq təşkilatlarda, mühüm platformalarda bir-birilərinin maraqlarını müdafiə edib. Eyni kökə və tarixi dəyərlərə malik olan xalqların məhz bir mövqedən çıxış etməsi bölgədə sülhə və təhlükəsizliyə mühüm təminat yaradır.
Bu gün regionda yeni bir reallıq yaranıb. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda separatizmə zərbə vurulub. Azərbaycan dünya birliyi tərəfindən tanınan sərhədlərini bərpa edib. BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə bağlı çıxarmış olduğu qətnamələr ölkəmiz tərəfindən təkbaşına icra olunub. Bununla da Azərbaycan beynəlxalq hüquqa, qanunun aliliyinə olan münasibətini bir daha nümayiş etdirib. Məhz Azərbaycanın öz tarixi torpaqlarında düşmənə qarşı keçirdiyi hərbi əməliyyatlar ölkəmizə dost olan dövlətlər tərəfindən də birmənalı olaraq dəstəkləndi. Bu sırada sözsüz ki, dost, qardaş Türkiyənin Azərbaycana olan birmənalı dəstəyi xüsusi olaraq vurğulanmalıdır. Müharibənin ilk günündə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq şəkildə mənəvi dəstək verməsini xalqımız heç vaxt unutmayacaq.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 15 iyun tarixindən Qafqazın mədəniyyət beşiyi Şuşa da imzalanmış bəyannamə böyük bir qardaşlıq nümunəsi oldu.Hər iki ölkə üçün bu bəyənnamənin əhməyyəti böyükdür.Biz bir daha sübut etdik ki, bu qardaşlıq əbədi və sarsılmazdır.Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmişdir.
Şuşa Bəyannaməsi böyük tarixi əhəmiyyət kəsb edir. Sənəddə diqqət çəkən məqamlardan biri də beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğuladı: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.
Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə tutarlı cavabdır. Həm də Azərbaycanın gücünün, qüdrətinin təcəssümüdür.
Qalib Ali Baş Komandan İlham Əliyevin verdiyi mesajların mühüm əhəmiyyəti var. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, artıq bölgə üçün də bir mərkəz rolunu oynayacaq. İki qardaş ölkə arasında Şuşada imzalanan tarixi bəyannamə bundan sonrakı münasibətlərin yeni spektorda inkişafına geniş imkanlar açacaq.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük sevinc və təntənə ilə qarşılanır. Bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.
Qəzənfər SOLTANOV,
“Əməkdar müəllim”