Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötdü
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür.
Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minən Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir.
Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi 15 İyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır.
1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz qurtuluşuna qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi Şuşada 28 il sonra bu tarixi sənədə imza atılması özlüyündə böyük bir rəmzi məna daşıyır. Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin, xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz birliyi bütün dünyaya nümayiş etdirir. Necə ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, qardaş Türkiyə xalqı Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir, bu gün də iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə gələcəyə doğru birgə addımlayır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”.
Ümumilikdə tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkə başçısının həyata keçirdiyi fəaliyyətin zəfər nöqtəsidir. Bu sənəd həm də ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcək. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır.
Bəli, indi Azərbaycanın qarşısında yeni üfüqlər açılmış, yeni vəzifələr dayanmışdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımız Şuşanın timsalında yenidən qurulur, dirçəldilir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və çox böyük tədbirlər, strateji layihələr həyata keçirilir. Bu isə bir daha Azərbaycan dövlətinin gücünü, Heydər Əliyev siyasətinin təntənəsini, möhtərəm Prezident İlham Əliyevin böyük liderlik xüsusiyyətlərini nümayiş etdirir.
Əli HÜSEYN,
“Muğanın səsi”