• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MÜDRİKLİK ZİRVƏSİNİN FATEHİ

  • 27.05.2021, 14:31, Baxış sayı:
  • 646
MÜDRİKLİK ZİRVƏSİNİN FATEHİ
MÜDRİKLİK ZİRVƏSİNİN FATEHİ
MÜDRİKLİK ZİRVƏSİNİN FATEHİ
“Mən həmişə iftixar hissi keçirirəm ki, o böyük şəxsiyyətlə- Heydər Əliyevlə görüşmüş, bir partada belə oturmuşam”

Cəmiyyət içərisində hörmət qazanmış insanların keçdikləri həyat yollarını aşkarlayıb ictimaiyyətə təqdim etmək gərəklidir. Məsləki və amalı millətinə xidmət etmək üstündə köklənən, elinə, obasına sonsuz sevgilərlə bağlanan, özünün fərasəti, əməksevərliyi, işə məsuliyyətlə yanaşması sayəsində bu gün seçilən və sevilən ziyalı səviyyəsinə yüksəlmiş Zibeydə Mirzəyevanın ömür yolunu da elə bu cəhətdən xarakterizə etməyi qərara aldıq. O, şərəfli bir ömür yolu keçib. Nədir görəsən, Zibeydə xanımı başqalarından fərqləndirib nümunə edə biləcək fərdi xüsusiyyətlər ki, onun barəsində fikir söyləmək zərurəti yaranıb. Hər şeydən əvvəl Zibeydə xanımın qarşıya qoyduğu məqsədə doğru inadcıllıq və çalışqanlıq etməsi, düzlük, dürüstlük və bunları tamamlayan hər şeydə aşkarlığa əməl etməsi, ona əmanət edilən miraslarla sədaqətli rəftarı və çox az insanlar tərəfindən yerinə yetirilən sənə həvalə olunmuş əmanətlərdən ən qiymətliləri olan insanların həyatda xeyrə doğru getmələri naminə ömrünü fəda verə bilməsi, dostun, tanışın qayğısını, ailənin, özünün, doğmalarının qayğısından üstün tutması, hər kəsə etibarında ürək təmizliyi ilə hamıya inanması...
Deyirlər böyüklüyün həddi sadəliyin çəkisi qədərdir. Heç bir rütbə, mənsəb, güc, qüdrət sahibi sadəliyi qırıb-töküb ondan qabağa keçə bilməz. Sadəlikdən məhrum olanların hamısını qarşıda dərin uçurum gözləyir. L.Tolstoy insanı bir adi kəsrə bənzədir. Yəni kəsrin surəti insanın özünün həqiqi qiyməti, məxrəci isə insanın özü haqqında düşündüyü qiymətdir. Yəni insan özü haqqında nə qədər yüksək fikirdədirsə (məxrəc böyükdürsə) onun dəyəri o qədər az olur və yaxud əksinə. 89 sinnində belə uşaq təmizliyində qalıb, insani məsumluğunu qoruyub saxlayan Zibeydə xanım olduqca sadə və səmimi insandır. Bu günlərdə onunla həmsöhbət oldum. Danışdıqca xəyal məni uzaq keçmişə apardı. Müsahibim əvvəlki natiqliyində, hazırcavablığında qalıb. Özünün dediyi kimi, bir ayaqları sözünə baxmır, qoltuq ağacları ilə gəzir...

Ömür ağacından yarpaqlar...

Zibeydə Ağavəli qızı Mirzəyeva 1932-ci il dekabrın 6-da Bakının Əmircan kəndində anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Atası Ağavəli Abasov fəhlə, anası Siyarə Mirzəbaba qızı evdar qadın olmuşlar. 1948-ci ildə kəndlərindəki 97 nömrəli məktəbin 7-ci sinfini bitirib. 1948-1952-ci illərdə Bakı Xalq Maarif şöbəsinin nəzdində olan texnikumda oxuyub. Elmə olan marağı onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin tələbəsi edir. Ilk oxuduğu məktəbdə, texnikumda, institutda həm təhsildə, həm də ictimai işlərdə yoldaşlarından fərqlənib. 1956-cı ildə ali məktəbi bitirən Zibeydə müəllim təyinatla Sabirabad yeddiillik dəmiryol məktəbinə göndərilir. İlk günlərdən şagirdlərin məhəbbətini qazanır. 1957-ci ildə Sabir Mirzəyevlə ailə qurur. Sonra 1957-1963-cü illərdə 1 saylı Sabirabad şəhər orta məktəbində müəllim işləyir. Burada da müəllim və şagird kollektivinin hörmət və ehtiramını qazanır. 1963-cü ildə Sabirabad şəhər 3 saylı 8 illik məktəbinə direktor təyin edilir. Zibeydə müəllimin direktor olduğu məktəbdə təhsildə və ictimai işlərdə müsbət irəliləyiş olmuşdur. Zibeydə Mirzəyeva həmin təhsil müəssisəsini inkişaf etdirərək orta məktəbə çevirmişdir. Onun direktor işlədiyi müddətdə məzunların çoxu məktəbi medalla, fərqlənmə ilə bitirmişdir. Məzunların çoxu müxtəlif sahələrdə yüksək vəzifələrə yüksəlmişdir. Həmin müddətdə o, “Qırmızı əmək bayrağı” ordeni, “Azərbaycanın qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif edilmişdir.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan bir şəxs kimi rayonda tanınan və sevilən Zibeydə Mirzəyeva 1978-1985-ci illər ərzində Sabirabad rayon Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu müddətdə bütün məktəblərdə tədris kabinetləri təşkil edərək, təlimin tədrisinin keyfiyyətini yüksəltmişdir. Məktəblərdə 1941-1945-ci illər müharibəsi qəhrəmanlarına aid abidələr tikdirmişdir. Şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi üçün idman kompleksləri inşa etdirmişdir. Yeni dərs ilinə hazırlıqla əlaqədar qalib olduqları üçün rayonun təhsil ocağı üç dəfə Respublika Həmkarlar İttifaqının keçici bayrağına və pul mükafatına layiq görülmüşdür. Zibeydə xanım 1985-2011-ci illərdə müəllim kimi faliyyət göstərmişdir.
Zibeydə Mirzəyeva həmçinin “Azərbaycanın xalq müəllimi” fəxri adını almış, “Xalqlar dostluğu” ordeni, “SSRİ maarif əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda “Əməkdar müəllim” fəxri adına da layiq görülmüşdür. 6 dəfə Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı olmuşdur.

Onunla söhbətimizdən

“Həmişə iftixar hissi keçirirəm ki, böyük şəxsiyyətlə görüşmüşəm...”

Zibeydə Mirzəyeva ilə söhbət zamanı Ulu Öndər haqqında söylədiklərini, xatirələrini də oxuculara çatdırıram. Zibeydə xanım dedi ki, Ümummilli Liderimiz Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çalışmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. O, bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ulu Öndər həmişə deyirdi ki, bizim hər birimiz biliyimizdən, elmi dərəcəmizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətimizə görə birinci növbədə məktəbə, müəllimimizə borcluyuq.
Onunla çox görüşlərim olub. 1979-cu ildə 5 saylı Sabirabad şəhər orta məktəbi binasının təntənəli açılışı zamanı mənə təklif etdi ki, bəlkə səni rayonun II katibi seçək? Yüksək etimada görə Ulu Öndərə minnətdarlığımı bildirdim və dedim ki, bu vəzifəyə çatmışam, mənim üçün bəsdir.
Respublika Siyasi Maarif evində Ulu Öndərlə olan görüşümü də xatırlayıram. Orada 300 nəfərdən çox iştirakçı vardı. Müdrik rəhbərimiz mənə dedi ki, Mirzəyeva, Pakrovkada (indiki Qaratəpə kəndi) məktəb tikintisi nə yerdədir? Mən onun yaddaşına heyran qaldım. Dedim ki, məktəb kolxozun vəsaiti hesabına tikildiyindən inşaat işləri ləngiyir. Xahiş etdim ki, məktəb tikintisinə kömək göstərsin. Ulu Öndər məktəbin dövlət vəsaiti hesabına tikilməsini təmin etdi. Çox keçmədi ki, Qaratəpə kəndində məktəb tikintisi başa çatdı. Açılışına özü də gəlmişdi. Müdrik rəhbərimiz sinifləri gəzdikdə bir sinif otağında partada əyləşdi. Məni də yanında oturtdu. Dedi ki, Mirzəyeva, sən heç belə gözəl sinifdə, partada oturmusan? Mən xeyr cavabını verdim. Ulu Öndər dedi ki, mən də oturmamışam. İndiki uşaqlar necə də xoşbəxtdirlər. Mən həmişə iftixar hissi keçirirəm ki, o böyük şəxsiyyətlə- Heydər Əliyevlə görüşmüş, bir partada belə oturmuşam.

“Təhsil sistemindəki əsas problemlər öz həllini tapmışdır”

Zibeydə xanım müasir təhsilimiz haqqında bunları söylədi: “Hazırda təhsilə qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişafında təhsilin misilsiz əhəmiyyəti olduğunu nəzərə alan Heydər Əliyev Fondu bir sıra iri miqyaslı layihələr həyata keçirmişdir. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi əhəmiyyət kəsb edir. Müəllifi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin qaldırılması əsas məsələlər sırasındadır. Son illərə qədər ölkəmizin bütün regionlarında təhsil sistemindəki əsas problemlər Mehriban xanımın qayğısı və diqqəti sayəsində artıq öz həllini tapmışdır”.
Söhbətimizin sonunda bildirdi ki, otuz il işğal altında qalan torpaqlarımız möhtərəm Prezidentimizin verdiyi düzgün əmrlər, mükəmməl döyüş taktikası və uzaqgörən siyasəti sayəsində azad edildi. Prezidentimiz təkcə Ermənistanla mübarizə aparmadı, onların havadarlarını da susdurmağı bacardı. 44 gün diplomatiya masasında da savaşdı. Prezidentimizlə qürur duyuram. Cənab İlham Əliyev göstərdiyi qətiyyətə, apardığı uzaqgörən siyasətə, düşmən üzərində qazandığı Qələbəyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiqdir.

Sonluq

Əlbəttə, bir ömrün tarixi bir yazıya sığmaz. Müdriklik zirvəsinin fatehi Zibeydə Mirzəyeva haqqında yaddaqalan məqamlardan bəhs etdim. Onun fəaliyyətindən müəyyən gerçəkliyi əks etdirən anlara toxundum. Belə insanların ömürlərinin hər günü insanlıq üçün örnək məktəbidir. Bir halda ki, Zibeydə xanımın həyatı hamımız üçün dəyərlidir, gəlin biz də ona Allahdan yaradıcı, daha uzun və sağlam ömür arzulayaq...
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter