Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti görüşü keçirilmişdir. Eyni zamanda görüşdə hüquq-mühafizə orqanlarının, xidməd təşkilatlarının rəhbərləri, ərazi nümayəndələri və yerli bələdiyyə sədrləri iştirak etmişlər.
Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüş zamanı çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə əlimizdən gələni etməyə hər zaman hazırıq. Həmçinin bildirilmişdir ki, Sabirabad rayonunda tikilməsi nəzərdə tututlmuş Şəhidlər Abidə Kompleksinin layihəsi aidiyyatı dövlət qurumları ilə razılaşdırılmış və rəy alınması üçün Mədəniyyət Nazirliyinə göndərilmişdir.
Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər.
Səslənən müraciətlər arasında Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin tikintisi, şəhidlərin adlarının əbədiləşdirilməsi, bir neçə şəhid ailəsi üzvlərinin işlə təminatı, onlara əkinə yararlı torpaq sahəsinin ayrılması, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan müraciətlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Bundan əlavə bir neçə şəhid atası istəklərinə uyğun olaraq RİH başçısı tərəfindən təkbətək qəbul olunmuşdur.