Yusif Fərzəliyev (Yusif Alhüseynoğlu) 1959-cu ildə Sabirabad rayonu Qasımbəyli sovetliyinin (indiki Qasımbəyli kənd inzibati ərazi dairəsi) Yuxarı Axtaçı kəndində anadan olub. 1974-cü ildə Yuxarı Axtaçı kənd 8 illik məktəbi bitirib. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu (1974-1978) qurtarıb. Cəlilabad rayonu Andrevka (indiki Qarayəncir) orta məktəbində sinif müəllimi (1978-1979) işləyib. Almaniyada hərbi xidmətdə (1979-1981) olub. Yuxarı Axtaçı kənd əsas məktəbində sinif müəllimi (1981-1984) işləyib. İşləyə-işləyə qiyabi Lenin adına APİ-nin (indiki N.Tusi adına Pedaqoji Universitet) tarix fakültəsini (1984-1989) bitirib. Hazırda Yuxarı Axtaçı kənd tam orta məktəbində tarix müəllimi işləyir.
Yusif Alhüseynoğlu həm də istedadlı şairdir. O, yaradıcılığa 1979-80-ci illərdə başlayıb. Mütamadi olaraq şeirləri Azərbaycan Yazıçılar Birliyinin “Aran” jurnalında,“Suqovuşan” Ədəbi Məclisinin “Sabirabadın söz sərvəti”,“Sözün sehri”, “Hər sözü az demək daha xoş olar”, “Söz dünyası”, ”Əlvan duyğular” kitab-almanaxlarında, “Muğan-Şirvan” qəzetində dərc olunub. “Günəş səhər eşqdən çıxır” adlı şeirlər kitabının müəllifidir.
Vətənpərvərlik, Vətənə bağlılıqYusif Alhüseynoğlunun şeirlərinin əsas qayəsinə çevrilmişdir. Onu düşündürən, yazmağa məcbur edən, ilhama gətirən yaşadığı cəmiyyət, xalqı, Vətənidir. Doğma yurdumuzun gözəlliklərinə həsr edilmiş şeirləri axıcı və şirindir. Tərənnüm etdiyi gözəllik incə və zərifdir. Yusif Alhüseynoğlu yaxşı bilir ki, cəsarətlə irəli sürülən fikir oxucuya daha çox təsir edir. O, həmişə həyat həqiqətinə sadiq olmağa, hər hansı mövzunu ümumiləşdirmək yolu ilə mənalandırmağa, onun əsas ruhunu dərk edib coşğun ilham və yüksək pafosla təsvir etməyə çalışır. Şeirlərinin hər birində dərin fikir, yüksək poetik ideya əks olunur.
Yusif Alhüseynoğlunun poeziyası güclüdur. Ona görə ki, mayası halal, məramı haqq sevgisidir. Onun poeziyası həm yaradıcılıq ideyalarının kamilləşməsi, həm də bədii forma, sənətkarlıq axtarışları baxımından daim inkişaf edir. Yusif Alhüseynoğlunun şeirlərində həyat həqiqəti klassik ədəbi ənənə ilə çağdaş poeziyamızın tələblərinin vəhdətində öz bədii həllini tapır. O, mövzularını həyatdan alır. Həyat hadisələri onun şeirlərinə fəlsəfi biçimdə, fəlsəfi məzmunda daxil olur. Həyatın ən adi detallarına, ən adi epizodlarına fəlsəfi məna verməyi bacarır. Onun şeirlərinin hər bir parçası belə öz-özlüyündə tamamlanmış, mənalı, bitkin bir şeir nümunəsidir. Şair oxucuya həyat haqqındakı fikirlərini, qənaətlərini, arzularını birbaşa, mücərrəd, ritorika şəklində deyil, konkret həyat hadisələri və münasibətlərinin təsviri ilə əlaqədar bir şəkildə çatdırmağa çalışır.
Yusif Alhüseynoğlunun şeirlərində mühüm ictimai-siyasi əhəmiyyəti olan mövzular ifadə etməyi bacaran şairdir. Şair lirikanın prizmasından dünya və cəmiyyət hadisələrinə nəzər salır, ən böyük problemləri belə lirik janrın imkanları daxilinə sığışdıra bilir. O, şeirin hansı üslubunda yazmasından asılı olmayaraq, kitablarındakı əsərləri oxuyub qurtardıqdan sonra hiss edirsən ki, ən adi, hətta zahirən kiçik görünə bilən həyat hadisələri həqiqi şeirin predmeti ola bilər, bir şərtlə ki, sənətkar nə isə yeni bir şey deyə bilsin. Onun mövzu dairəsi geniş və zəngindir. İnsanı yaşayıb-yaratmağa səsləmək, onu yeniliyə, mübarizəyə çağırmaq, Vətənə, xalqa namusla xidmət etmək, ömrü mənalı keçirmək, təmiz və ülvi məhəbbət kimi nəcib hisslərin tərənnümü və s.onun əsərlərinin başlıca motivləridir.
İlqar QURBANOV,
filologiya elmləri namizədi.