Hənifə Alışan oğlu Şərifov (Hənifə Alışanoğlu) 1941-ci il dekabrın 5-də Sabirabad rayonunun Bulduq kəndində anadan olmuşdur. Ulacalı kənd orta məktəbini bitirmişdir. Hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis edildikdən sonra doğma kəndlərinə qayıtmış, Əlibayramlı (indiki Şirvan) şəhərində Şirvanneft Neft Mədənləri İdarəsində elektrik mantyoru işləmişdir. 1966-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsinə qəbul olunmuşdur. 1969-70-ci tədris ilində doğma kəndlərindəki orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır. O, eyni zamanda ədəbiyyat fənnini tədris etmiş, tədris işləri üzrə direktor müavini kimi də çalışmışdır. Nümunəvi tədris hissə müdirlərindən biri kimi konfrans və yığıncaqlarda işi həmişə başqalarına nümunə göstərilmişdir. İşlədiyi müddət ərzində bir sıra mətbuat səhifələrində pedaqoji mövzuda yazıları dərc olumnuşdur. Dərs dediyi siniflər bir qayda olaraq həmişə yüksək fəallığı ilə seçilmişdir. Baş müəllim, metodist müəllim, ali kateqoriya dərəcəli müəllim adlarına layiq görülmüşdür. Rayon Təhsil Şobəsinin ictimai metodisti kimi rayonun bir sıra məktəblərində tədrisin vəziyyəti ilə tanış olmuş və həmkarlarına lazımi metodiki tövsiyələr vermişdir. Hənifə müəllim 42 ildən çox pedaqoji sahədə çalışmışdır. Yaxşı işi rayon rəhbərliyi və eləcə də Təhsil Şöbəsi tərəfindən layiqincə qiymətləndirilmişdir. Bir sıra mükafatlara, "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür.
Ancaq Hənifə müəllimin işi təkcə pedaqoji fəaliyyətlə bitmir. Ötən illər ərzində qazandığı poetik uğurları Hənifə müəllimi daha çox sevindirib. Poeziya onun ikinci və həm də ən çox sevdiyi bir peşəyə çevrilib. Bu illər ərzində Hənifə müəllim duyğularını, onu düşündürən, narahat edən hisslərini neçə-neçə şeirə çevirib ağ vərəqlərə köçürmüşdür. Və bu gün iftixarla demək olar ki, Hənifə Alışanoğlu bir müəllim kimi sinif otaqlarında deyə bilmədiklərini bir şair kimi dərc olunmuş şeirlərində deyə bilmişdir. Hənifə müəllim sevinir ki, çoxsaylı oxucuları bu gün onu müəllimdən çox şair kimi daha yaxşı tanıyırlar. Şeirləri respublikamızın bir sıra mətbuat orqanlarında çap olunub. Azərbaycan radiosu ilə səsləndirilib. İlk şeiri 1956-cı ildə yerli qəzetin səhifələrində çap olunub. Bu ilk şeirin ayağı uğurlu olub. Hənifə Alışanoğlu sonralar çətin, məsuliyyətli və həm də son dərəcə ecazkar poeziya dünyasının həqiqi vətəndaşına çevrilmişdir. O, rayonda ən çox dərc olunan, kitabı çıxan şair kimi tanınır. İndiyədək şairin 32 kitabı işıq üzü görmüşdür. Hənifə Alışanoğlu ülvi hisslər, müqəddəs duyğular, böyük amallar şairidir. Onun yaradıcılığını bütöv kimi götürsək, görərik ki, Hənifə Alışanoğlunun baş mövzusu Vətəndir-Azərbaycandır. O, Vətənin oduna yanan, Vətən adını ürəyinin başına yazan, xalq ilə bir gülüb, bir ağlayan söz ustasıdır. Onun qəlbindən qopan şeirlər ürəklərə yol açır, ürəklərdə yuva salır. Hənifə Alışanoğlu nə qədər saf, duru bir insandırsa, poeziyası da eləcə özü kimidir. Hər şeiri sanki özüdür, öz mücəssəməsidir.
Hənifə müəllim insan kimi də, şəxsiyyət kimi də bütövdür, əyilməzdir, olduqca təvazökardır. Orda-burda görünməyi sevmir, başını aşağı salıb şeirlərini yazır.
Hənifə müəllim poeziya sahəsində qazandığı uğurlara görə “Avropa Nəşr və Mətbu Evi”nin qızıl medalına və “Ən yaxşı vətənpərvər şair”, “XXI əsrin ziyalısı” diplomlarına layiq görülmüşdür. “Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatıdır.
Hənifə müəllimə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
E. XƏLİLOĞLU,
“Muğanın səsi”