“Suqovuşan” sözü necə yaranıb?
- 08.02.2023, 14:05, Baxış sayı:
- 396
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadın ərazisində yerləşən Suqovuşan məmləkətimizin orta nöqtəsidir. Bir çox tarixi şəxsiyyətlər, ulu sərkərdələr bu məkana qədəm qoymuşlar. Şah İsmayıl Xətai, Nadir şah Əfşar buradan keçmişlər. Buna görə də Suqovuşan müqəddəs məkan, tarixi yerdir.
Tarixi mənbələrdə qeyd olunur ki, Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzündə, Kürlə Arazın qovuşduğu ərazidə-Qalaqayında Muğan (Suqovuşan) qurultayı çağırmışdır. Həmin qurultay onun hakimiyyəti rəsmən ələ keçirmək, özünü şah elan etmək məqsədilə keçirilmişdir.
Əvvəllər Sabirabad rayonunun yaşlı sakinləri ilə bu adın yaranma tarixi barədə çox söhbətlərim olub. Vaxtilə rayonda yüksək vəzifələrdə çalışmış, eyni zamanda güclü yaddaşa malik olmuş mərhum Bulud Qurbanov Suqovuşanın tarixini belə səciyyələndirirdi: “Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində islam dinini qəbul etdirmək üçün ərəb qoşunlarının bu əraziyə yürüşlərindən bəhs olunarkən Kür-Araz çaylarının qovuşduğu Suqovuşanın da adı çəkilir. Suqovuşanın 2 min ildən artıq tarixi vardır”.
Uzun illər Sabirabad rayonunda məsul vəzifələrdə çalışmış mərhum Zeynal Məlikov dərin biliyi, savadı ilə seçilmiş ziyalılardan olmuşdur. O, Suqovuşanın tarixi ilə bağlı bunları söyləmişdir:
--Kür və Araz çaylarının bizim rayonun ərazisində qovuşması təbiətin möcüzəsidir. İndi bu adı Suqovuşan kəndi yaşadır. Bir vaxtlar Suqovuşan kəndi çayların qovuşduğu ərazidə yerləşirdi. Lakin suların daşması kəndin təsərrüfatına ciddi ziyan vururdu. XX əsrin əvvəllərində indi də mövcud olan Beşçətvəl kanalının çəkilişi ilə əlaqədar burada yaşayanlar həmin ərazidən uzaqlaşaraq kanalın sahilinə köçmüş, yeni kəndə Suqovuşan adı vermişlər. Onu da deyim ki, bir çox tarixi mənbələrdə XVI əsrədək bu kəndin adı Qovuşan kimi də qeyd olunur.
Məndə Suqovuşanın yaranması tarixi barədə digər məlumatlar da vardır. Lakin həqiqətə uyğun olmadığından həmin faktlardan istifadə etməyi lazım bilmədim. Ola bilsin oxucularımız daha ətraflı məlumata malikdirlər. Dostlar, bu barədə rəyləriniz maraqlı olardı.
Elçin NƏSİB.