Araz çayı, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Sabirabadda “Suqovuşan” adlanan ərazidə Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür.
Kür çayı isə öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.
Kürün Aran rayonları ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Sabirabad rayon sakinləri qeyd edirlər ki, bu gün bu tarixi məkanın tanınmasına böyük ehtiyac var. Buranın təbliği bölgədə turizm imkanlarının inkişaf etməsinə şərait yarada bilər.
Qeyd edək ki, iki çayın qovuşaraq yaratdığı füsunkar mənzərə bir çox tarixi hadisələrə şahidlik edib, məşhur filmlərə səhnə olub. Hətta bir necə musiqi əsərimiz də bu məkana həsr olunub.
Elə bunları və çoxsaylı oxucularımızın gileylərini əsas tutaraq “Muğanın səsi” qəzeti özünün 6 aprel 2021-ci il tarixli nömrəsində bu məsələyə işiq tutdu.
Yazmşdıq ki, Kürkə-Arazın qovşağı bərbad gündədi. Düz Kürlə Arazın qovuşduğu sahildə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin taxta butkası qoyulub. Ətrafı da çör-çöplə çəpərlənib.
Qeyd etmişdik ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti zamanı Sabirabadda Kür və Araz çaylarının qovuşduğu məkandan su götürmək üçün hazırlanmış yer də həmin çör-çöpün “əsarət”indədi. Ölkənin iki böyük çayının qovuşduğunu seyr etmək üçün müxtəlif yerlərdən buraya gələnlər elə boylana-boylana qalırlar. Bu antisanitariyanı, natəmizliyi görüb deyinə-deyinə gedirlər.
Sonra ümidlə demişdik ki, Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu gözəlliyə xələl gətirmək istəməz.
Bu mühüm məsələ ilə bağlı adı gedən təşkilata ünvaladığımız məktubdan sonra düzdü həmin əraziyə az da olsa əl gəzdirdilər. Xidmətin məntəqəsinin ətrafından çör-çöpləri yığışdırdılar. Ancaq həmin yerdən butkanı götürmədilər.
Yenə sağ olsun Sabirabaddan Milli Məclisin deputatı Kamal Cəfərov. O bu işə qoşulub. Yuxarıda bəhs etdiyimiz FHN-nin xilasetmə məntəqəsinin yüz metr irəli və ya geri yerləşdirilməsi və həmin ərazidə abadlıq işləri aparılaraq turizm mərkəzinə çevrilməsi məsələsini qaldırıb. FHN məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla danışıb: “O, yerindəcə aidiyyəti struktura tapşırıq verdi. FHN-nin nümayədəsi ilə əraziyə baxış keçirdik və vəziyyəti bütün parametrlər üzrə müzakirə etdik”.
Kamal müəllim:” Kür və Araz çaylarının qovşağının abadlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar müəllimlə danışdım. Bu gün Nazirliyin regional nümayəndəsi Azər müəllim və ölkəmizin tanınmış memarı və landşaft dizayneri Musa müəllimlə əraziyə baxış keçirdik. Yaxın zamanda abadlaşdırılması nəzərdə tutulan ərazinin dizaynı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək”.
“Muğanın səsi” qəzeti redaksiyası bu mühüm məsələyə diqqətinə və dəstəyinə görə Kamal Cəfərova minnətdardır.
“Muğanın səsi”