Ciddi siqnal. Xilasedicilər Kürlə-Arazın qovşağında natəmizlik yaradıblar
- 07.04.2021, 10:01, Baxış sayı:
- 528
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürlə Araz çaylarının qovuşduğu ərazidə üzərinə “Fövqəladə Hallar Nazirliyi” (FHN) yazılmış bir taxta “butka” var. 10 ildən çoxdur ki, oradadır. Öyrəndik ki, bura Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Sabirabad şəhərində yerləşən məntəqəsidir. Özünü Xalid Kazımov kimi təqdim edən məntəqənin əməkdaşı dedi ki, 7 nəfərdirlər, hər biri 800 manata yaxın maaş alır. Əsas vəzifələri də suda boğulanları xilas etməkdir.
Sual:
-Son illər qış aylarında belə hər iki çayda suyun səviyyəsi xeyli aşağı düşür. İsti yay aylarında isə çaylarda su o qədər azalır ki, uşaqlar da ayaqlarını çırmalayıb keçə bilir. Belə vəziyyətdə siz hansı xilasetmədən danışırsız?
Cavab:
-Bunu nazirlikdən soruşun, bu suala cavab vermək səlahiyyətimiz çatmır, - deyərək X.Kazımov qaçıb “butka”ya girdi və bizimlə danışmaqdan imtina etdi.
Xilasedənlərin kimi nə vaxt və necə xilas etmələrini bir tərəfə qoyaq. Gəlin Kürlə-Arazın qovşağını “zəbt” edən bu məntəqə ilə yaxından tanış olaq. Burada 4-5 it ətrafa “nəzarət edir”. “Butka” da içərisində olmaqla ətrafı çör-şöplə çəpərlənib.
Haşiyə: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti zamanı Sabirabadda Kür və Araz çaylarının qovuşduğu məkandan su götürmək üçün hazırlanmış yer də həmin çör-çöpün “əsarət”indədi.
Ölkənin iki böyük çayının qovuşduğunu seyr etmək üçün müxtəlif yerlərdən buraya gələnlər elə boylana-boylana qalırlar. Bu antisanitariyanı, natəmizliyi görüb deyinə-deyinə gedirlər.
Əminik ki, Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu gözəlliyə xələl gətirmək istəməz.
Əli HÜSEYN