Sabirabadlılar vaxtilə Kür qırağında tikinti aparılmasının günahını Seyidovdan çox yerli məmurlarda görürlər
Ötən əsrin 80-ci illərinin ortalarında Sabirabada yeni partiya komitəsinin birinci katibi təyin olunan Vilayət Seyidov xələfindən fərqli olaraq abadlıq və quruculuq işlərinə başladı. Şəhərin mərkəzində qamış çəpərləri mişar daşından hasarlarla əvəz etdi, küçələrdə asfaltlaşdırma apardı və bir sıra yaraşıqlı inzibati binalar tikdirdi. Çöxlu arzuları var idi, hazırkı “Bazar yolu” adlanan İ.İsgəndərov küçəsində böyük “Çay evi” tikdirmək fikrindəydi. Bu evi əsl istirahət mərkəzi kimi inşa etdirmək istəyirdi. Deyirdi ki, bu evin döşəmə hissəsi xüsusi şəffaf şüşədən hazırlanacaq, bura gələnlər ayaqları altında suda üzən müxtəlif növ balıqlara tamaşa edəcəklər.
Seyidov şəxsən məni də hazırlatdırdığı söhbət gedən “Çay evi”nin lahiyəsilə tanış etmişdi. O, bu binanın tikintisinə çox maraqlı idi...
... Bütün birincilərin ətrafında quyruqbullayanlar olduğu kimi, Seyidov da belələrindən xali deyildi., Rayona gəldiyi gündən tikinti və nəqliyyat sahəsində vəzifə tutan bir sıra şəxslər tələbə yoldaşı adı ilə onun ətrafında lövbər saldılar. Onlar Seyidovun bütün işlərinə müdaxilə edirdilər. Elə “Çay evi”nin tikintisindən də birinci katibi onlar çəkindirdilər. Dedilər:“Kür çayı qırağında samballı bir qonaq evi tikdirsən bundan yaxşıdı”.
Çöx çək-çevirdən sonra Kür sahilində qonaq evinin tikintisinə başlanıldı. Həmin günlərdən yerli əhali tikilini “Seyidovun villası” adlandırdı. O vaxtlar bəlkə də ölkədə ilk dəfəydi ki, villa sözü Sabirabaddan yayılmışdı. Sakinlər etiraz edirdilər. Birincisi ona görə ki, onun tikintisinə sərf edilən pullar xalqın kürəyindən çıxarılacaqdı, ikincisi isə çəkilən xərclər batacaq deyirdilər, bunu onunla əsaslandırırdılar ki, villa Kür çayının qayalığında tikilirdi.
Inşasına başlanıldığl gündən dedi-qodular artdı. “Seyidovun villası” kimi söz-söhbət bütün ölkəyə yayıldı, mətbuat dəfələrlə bu barədə yazılar dərc etdi, hətta karikaturalar verildi.
Yuxarıdan qonaq evinin tikintisinə icazə verilmədi. Naəlac qalan yerli məmurlar tikintini pionerlərin istirahət mərkəzi adı ilə sənədləşdirib inşasını davam etdirdilər.
...Küllü miqdarda xərc çəkilən villa nəhayət ki, istifadəyə verildi. Ikimərtəbəli, geniş, işıqlı otaqlı və hovuzlu villa ölkə rəhbərlərinin istirahət mərkəzinə çevrildi. Respublikanın o vaxtkı birinci katibi Kamran Bağırov ətraf rayonlara hər səfərə gedəndə həmişə bu villada-pionerlər evində qalardı.
Villanın çal-çağırlı vaxtı bir neçə il çəkdi. 1990-cı ildə Seyidov rayondan getdiyi gündən villaya da gediş-gəliş kəsildi.
... Aylar, illər ötdü. Camaatın dediyi kimi də oldu. Kür çayı qayalıqları uçurdaraq villanı çökdürdü. 2010-cu il Kür fəlakəti zamanı isə villa xeyli müddət suyun içərisində qaldı. Sonra da ətrafındakı torpaqlar qazılıb bəndlərə vuruldu.
... Villanın bu gün ancaq adı qalıb, bina tar-mar edilib. Sabirabadlılar vaxtilə külli miqdarda vəsait xərclənən bu tikiliyə ürək yanğısıyla baxırlar. Ən çox da bu ərazidə tikinti aparılmasında yerli məmurları günahlandırırlar.
P.S. Bu gün ölkəmizdə iki cəbhədə müharibə gedir. Biri ön cəbhədə ərazi bütövlüyümüz uğrunda erməni faşistləri ilə, digəri isə arxa cəbhədə koronavirusla. Belə bir şəraitdə dövlətimiz üçün hər qəpik dəyərlidir.
Əminik ki, respublikanın İqtisadiyyat nazirliyi bu istiqamətdə ciddi araşdırma aparacaq və villanın olan-qalan əmlakına sahib çıxmaq üçün təsirli tədbirlər görəcək.
İ. ƏSGƏROV