• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SABİRABADLILARIN “GÖZ DAĞI” və yaxud istifadəsiz qalmış, dəyəri milyonlarla ölçülən zavod və fabriklər dağıdılır

  • 02.11.2020, 16:23, Baxış sayı:
  • 1400
SABİRABADLILARIN “GÖZ DAĞI” və yaxud istifadəsiz qalmış, dəyəri  milyonlarla ölçülən zavod  və fabriklər   dağıdılır

Sabirabadlıların yaxşı yadındadır. 2008-ci ildə rayonda sahibkar Füzuli Dünyamalıyev tərəfindən “Qafqaz Holdinq” MMC-nin (“Qafqaz AKP” Məhdud Məsuliyyətli Cəmiyyəti) müəssisələri yaradıldı.
Müxtəlif növ lift və seyf qapıları, alkapon istehsalı ilə məşğul olacaq “Qafqaz Mexaniki Təmir”, sutkada 500 ton sement istehsal edəcək “Muğan Sement”, dünya standartlarına uyğun kafel, metlaq və kəpric istehsal edəcək “Muğan 2" zavodları, ildə 20 milyon ədəd müxtəlif növ kisə istehsal etmək gücündə olan ”Qafqaz Yumşaq Tara" fabriki, “Qafqaz Avto” nəqliyyat müəssisəsi istifadəyə veriləndə sabirabadlılar bir-birilərini təbrik etdilər. Niyə də sevinməyəydilər. Yüzlərlə adam faydalı işlə məşğul olacaqdı.
Alkapon zavodunda müxtəlif növ alüminium kompozit paneli istehsalına başlanmışdı. Avadanlıq Çindən gətirilmişdi. Tikintisinə 4,6 milyon manat vəsait sərf olunmuş zavodda 52 nəfər işlə başlamışdı. Müəssisə tam gücü ilə işlədikdə burada 120 nəfər çalışacaqdı.
Lift zavodunda yükqaldırma gücü 400 kiloqramdan 5 tonadək olan sərnişin və yük liftləri (ildə 5 min ədəd) istehsal olunacaqdı. Müəssisədə 165 nəfər işləyirdi. Gələcəkdə işçilərin sayı 3200 nəfərə çatdırılacaqdı. Müəssisənin tikintisinə 9 milyon manat sərmayə qoyulmuşdu.
Deyir sən saydığını say gör fələk nə sayır.
Heç 6 ay keçməmiş narazılıqlar başladı, əmək haqlarını verə bilmədilər. Naəlac qalan fəhlələr verilən vədlərə inanıb səbr etdilər. Üstündən bir ildə keçdi.
Yüz min manatlarla borc yarandı. Üstəlik xammalda çatışmırdı. Günlərin birində “Qafqaz Yumşaq Tara” fabrikinin 100-ə yaxın qadın işçisinə bildirildi ki, xammal olmadığından iş dayanır. Kollektiv aylarla yığılıb qalmış əmək haqlarını istədi. Yenə də yalanlar işə düşdü. “Bu gün- sabah verəcik”, - dedilər.
Yuxarıda adlarını çəkdiyimiz digər müəssisələrin də “aqibəti” belə oldu. Bir–birinin ardınca dayandılar. İşçilərin əmək haqları da verilmədi. Günlərin bir günü xəbər yayıldı ki, Füzuli Dünyamalıyev xaricə qaçıb.
İNTERPOL vergidən yayınmaqda təqsirli bilinən “Qafqaz Holdinq” MMC-nin rəhbəri Fizuli Dünyamalıyevi axtarışa verdi.
… Bəs Füzuli Dünyamalıyev kimdir?
Qeyd edəcəyimiz faktlar Kürdəmir və Sabirabaddan olan bir qrup iş adamının müraciətləri zamanı bəlli olmuşdur. Müraciətlərdə bildirilirdi ki, F.Dünyamalıyevin prezidenti olduğu “Qafqaz Holdinq” üçün iş görmüş müəssisələr öz halal pullarını ala bilmirlər. Bunun üçün də iş adamları, müəssisə rəhbərləri əlaqədar təşkilatlardan kömək istəmişdilər.
55 yaşlı F. Dünyamalıyev Kürdəmir rayonunda anadan olub, lakin hazırda Ukrayna vətəndaşlığını daşıyır. Hələ o zaman bəlli olmuşdu ki, Füzuli Dünyamalıyevin holdinqinin arxasında yüksək rütbəli məmur dayanır. 2007- ci ildən sonra biznes aləminə daxil olana qədər uzun müddət bir tikinti idarəsində “K 800" traktoru sürmüş, heç bir xüsusi kapitalı və reputasiyası olma­yan F.Dünyamalıyev bir­­dən-bi­rə 2007-ci ildə “Qafqaz Holdinq”i yaradır. Ona Beynəlxalq Bank və digər mənbələrdən 10 milyonlarla manat uzunmüddətli, güzəştli kreditlər verilir. O vaxt aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, ABŞ-ın Mayami şəhərində yaşayan Kamal Tosyalı adlı türk bankirə istinadən bildirilirdi ki, hələ 2008-ci ildə “Qafqaz Holdinq”in prezidenti Fizuli Dünyamalıyev ona zəng vuraraq yüksək rütbəli məmurun pulu ilə 17 zavod qurduğunu deyib və onu bu zavodları idarə etmək üçün Bakıya dəvət edib... Türk iş adamı deyir ki, 1996-2001-ci illərdə “Baybankın” Azərbaycan təmsilçisi işləyərkən bankın xırda kredit müştərilərindən biri olan Fizulu Dünyamalıyev üst-üstə ondan 100 min dollar pul alıb və bu pulu geri qaytarmayıb...
***
O zaman bu məsələyə dair bir maraqlı fakt da aşkar olub: “Məlum olur ki, F.Dünyamalıyevin yüksək əlaqələrinə əmin olan Sabirabadın keçmiş icra başçısı bu səbəbdən Rusiyada iş adamı kimi fəaliyyət göstərən yaxın qohumunun 12 milyon dollarlıq vəsaitini holdinqin layihələrinə cəlb edib. Məsələnin qaranlıq olduğu məlum olandan sonra isə icra başçısı və Dünyamalıyev arasında ixtilaf düşür və icra başçısı holdinqin Sabirabaddakı əmlakına reketvari əl qoyub. Lakin burdakı keçmiş taxıl tədarükü kombinatından başqa digər əmlakın heç nəyə yaramadığını görüb 12 milyondan əl çəkməyə məcbur olub...”.
***
Artıq 2008-ci ilin avqustundan başlayaraq Rusiya Federasiyasının “Kirov zavodu MMC” “Qafqaz Holdinq” MMC- yə qarşı pul tələbi iddiası ilə Bakı İqtisad Məhkəməsində iş qaldırır. 2009-cu ildə Azərbaycan Beynəlxalq Bankı da “Qafqaz Holdinq”ə qarşı səhmlərə və əmlaka tutmanın yönəldilməsi və açıq hərracda satılaraq borcun ödənilməsi tələbi ilə məhkəmə iddiası qaldırdı.
Nəhayət holdinq dağıldı, bu şirkətin müəssisələri satışa çıxarıldı...
... Artıq üstündən sərasər 12 il keçir. Qurulmasına milyon manatlarla vəsait xərclənmiş həmin zavod və fabriklərin avadanlıqları və binaları dağılmaq üzrədir. Qiymətli avadanlıqları sıradan çıxıb, böyük bir hissəsi oğurlanıb, talan edilib. Həmin müəssisələr bu gün sabirabadlıların “göz dağı”na çevrilib. Rayonun aidiyyəti qurumları bu müəssisələrin işə salınması üçün bütün instansiyalara müraciət etsələr də nəticəsizdi.
Ümidimiz respublikanın İQTİSADİYYAT Nazirliyidir:
- Nə qədər ki, gec deyil xilas edin. Əhalinin məşğulluğunu təmin etmək üçün bu obyektlər əvəzsiz “xəzinədir”
İlham ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter