Odlar yurdu Azərbaycan dünyanın ilkin insan məskənlərindən biri, zəngin maddi və mədəni sərvətlərin məcmusudur. Bu yurd bizə babalarımızın yadigarı, and yerimiz, bütün varlığımızın tək ünvanıdır. Uğrunda əsrlərdən bəri daima mücadilə apardığımız, hər qarışı müqəddəs məbədgahımızdır. Coğrafi mövqeyi, saysız hesabsız təbii sərvətləri mənfur düşmənlərdə daim ona sahib olmaq istəyini oyatmışdır. Bu baxımdan yurdumuzun və xalqımızın ən böyük şanssızlığı düşmənliyi belə bacarmayan, insanlıq xislətindən çox da hali olmayan ermənilərlə qonşu olmaqdır. Qonşu olmaq demişkən bizim öz torpaqlarımızda oturub, bizi didərgin edən ermənilər tarixin bütün dövrlərində bizə sinsicə zərbələr endirblər.
İkinci Qarabağ müharibəsi Azərbaycanın haqq işi, ədalətin bərpası, ərazi bürövlüynün təmin olunmaslı uğrunda gedən müharibə idi. Azərbaycan 30 il ərzində ərazilərinin təxminən 20 faizinin işğal altında qalması ilə barışmayacağını qəti şəkildə bəyan etmişdi. Bu illər ərzində torpaqlarımızın sülh yolu ilə qaytarılacağına olan ümidlər hər keçən il tədricən azalaraq yox oldu. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020-ci il tarixində düşmənin təxribatlarına cavab olaraq şanlı Zəfər yürüşünə- Vətən müharibəsinə başladı. Azərbaycan xalqı "dəmir yumruq" ətrafında birləşərək düşmən tapdağında olan ərazilərimizi azad etmək üçün səfərbər oldu. İnsanlarımız axın-axın hərbi komissarlıqlara müraciət edirdilər. Milllətin Vətən həsrəti ilə illərdən bəri çırpınan ürəyi bu dəfə öz dövlətinin dəmir yumruğuna, vuran qoluna çevrilmişdir. “Harda birlik varsa, orada dirrik var” deyib atalarımız. Xalqımızın öz Lideri ətrafında sıx birləşdi.
Tarixin bütün dövrlərində şücaəti ilə seçilən, Naxçıvan torpağından olan ərənlərimiz gözlərini qırpmadan Vətən uğrunda canlarını fəda etmiş, igidlikləri ilə ad qazanmışdır. Necə ki, Vətən müharibəsində olduğu kimi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin igidlik salnaməsi nəinki Azərbaycan, eləcə də dünya hərb tarixinə öz möhürünü vurmuşdur. İgid oğullar məskəni olan Naxçıvan Muxtar Respublikasından bu döyüşlərdə 134 ərən şəhadətə ucalmışdır. Eləcə də törədilən təxribatlar nəticəsində daha 7 hərbi qulluqçumuz da şəhid olaraq ən uca məqama yetmişdir.
27 sentyabr tarixindən etibarən başlayan və 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatının hər günü otuz illik həsrətə son qoyan geri sayım idi. Və hər addım onlarla igidin canı, qanı, arzuları, ümidləri, gələcəyi, əzaları bahasına atılsa da sadəcə uğurla atılırdı. Hər döyüşə girərkən igid oğullarımız həsrətdən saralıb solmuş, düşmən tapdağında viran olmuş yurd yerlərini geri qaytarırdı. Əlbətdə ki, başlayan bütün müharibələrin başlanğıc tarixi elan olunduğu andan məlum olsa da bitmə tarixini heç kim bilmir. Bizim haqq savaşımızda bu 44 günün hər saatı ürəyi Vətən üçün vuran igidlərimizin sayəsində torpaqlarımız bizə geri qaytarıldı. Müharibə varsa itki də var, canını vətən yolunda qurban verən şəhid, qazi oğullar da. Son nəfəsini heç vaxt görmədiyi torpaqlarında tapşıran, həyatdan heç bir kam almayan fidanları, əzalarından olan qaziləri ailələrinə çatdırmaq üçün bütün gücünü toplayaraq qollarında daşıyan müharibə qəhrəmanları, yaşadıqlarını həyatlarının son gününə qədər unuda bilməyəcək yaddaşlar. Karvan-karvan şəhid döndü yurd yerlərimizə. Atasını, qardaşını, övladını, yarını, yoldaşını itirdi insanlar, əsrlərə yetəcək nəsilləri.
Hər günün qələbə sevincinimi yaşamaq, hər itirilən oğulun acısınımı cəkmək? Hələ birinci Qarabağ müharibəsi dövründə şücaətlə torpaqlarımızın müdafiəsində dayanan naxçıvanlı igidlər bu dəfə də əzm və dəyanət sərgilədi. Müharibənin ilk günündən döyüşlərdə iştirak etmək üçün döyüş bölgəsinə gedən igidlər şəhadətə ucalaraq doğma torpaqlara dönürdülər. Gözlərindən qan-yaş axan xalq öz şəhidlərini onlara yaraşan şəkildə qarşılayıb, yola salırdı. Canından can ayıran ata-anaların ciyərləri yansa belə məğrur duruşu insanı dəhşətə salırdı. Demək vətən sevdası, ona aşinalıq, sədaqət, vəfa bizə məhz ata-analarımızdan keçən, südümüzdə, sümüyümüzdə olan bir sevdaymış. Elə bir sevda ki, övlada olan sevgimizdən belə üstünmüş Vətən sevgisi. Bağrı yanan şəhid atalarının “Təki vətən sağ olsun” sözü, dünyası başına uçan şəhid analarının “alnımızın ləkəsini təmizlədi balalarımız” cümləsi yetərli idi əslində bizi tanımayanlara özümüzü tanıtmaq üçün. İndi birinci qarabağ müharibəsindən fərqli olaraq minlərlə igidin qanı, canı bahasına qaytarılan, qanı ilə torpağı vətən yoğuran oğullarımızın qanı tökülən yurd yerlərimizdə artıq yağı düşmən gəzməyəcəkdir. Bir vaxtı ayaqyalın, başı açıq körpələri ilə didərgin düşən anaların böyüyüb boya-başa çatdırdıqları oğulları artıq öz torpağına bədənində güc, ürəyində təpərlə dönürdü. Dönüşü möhtəşəm olan güclü dövlətin, güclü ordusu Azərbaycan hərb tarixinin qızıl səhifələrini yazaraq dastan oldu. Aylar illəri, illər əsrləri əvəz edəcək və bu şücaət sahibləri hər nəsil ilə yaşayacaq, var olacaqlar.
Səbinə İsmayılova,
Sabirabad rayonu, Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin müdiri