Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Bundan s onra qələbəmiz barəsində neçə-neçə kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər.
Ulu Öndərin davamçısı İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək asan olmayan bu yolda düşməndən illərin yox, əsrin intiqamını, şəhidlərimizin intiqamını, günahsız körpələrin, gözüyaşlı anaların, boynubükük ataların intiqamını qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlük, hərbi güc sayəsində döyüş meydanında aldı. Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədalət bərpa edildi, düşmən torpaqlarımızdan qovuldu.İkinci Qarabağ müharibəsi şanlı tarixdir.
Artıq xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. 44 günlük Vətən müharibəsi bizim gücümüzün iradəmizin birliyimizin göstəricisi oldu. Dillərə dastan olan döyüşlərimiz dünya hərb tarixində çevriliş etdi. Tarix dəyişildi. İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşdülər. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Emin Ağayev,
Sabirabad rayon sakini, gənc fermer