• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu

  • 03.11.2022, 20:03, Baxış sayı:
  • 214
Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə, regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra məsələlər haqqında mühüm fikirlər səsləndirilib. Üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.Gözlənildiyi kimi, qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyev dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi, Azərbaycanın bəhs olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi.
Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Dövlət başçısının bu fikri reallığın ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə dövründə qurucu və sabitləşdirici mövqeyinin ifadəsidir.Sirr deyil ki, ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi mövcud reallıqlara əsaslanır və regional təhlükəsizliyə yönəlib. Azərbaycan Prezidenti görüş zamanı bu məsələlərə toxunaraq qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. “Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, - deyə dövlət başçısı vurğuladı. Yeri gəlmişkən, üçtərəfli görüşlə əlaqədar Bəyanatda Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürür, həm də əməli addımlar atır. Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər bunun bariz nümunəsi - əyani təsdiqidir. Digər tərəfdən, bölgədə yeni formatda çoxtərəfli əməkdaşlıq platformanın yaradılması - regional inteqrasiyanın sürətləndirilməsi ilə bağlı təşəbbüslər də Azərbaycanın postmüharibə dövründə qurucu, tənzimləyici və konstruktiv fəaliyyətinin təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur. Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi fikirlər də bu reallığın təsdiqidir. Bu, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident Vladimir Putin mətbuata bəyanatla çıxışında dəfələrlə “dəhliz” ifadəsindən istifadə etdi ki, bu da “Zəngəzur dəhlizi” layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini göstərən mühüm faktlardan biridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Digər tərəfdən, Bəyanatda “Qarabağ” sözünün olmaması Azərbaycanın haqlı, ədalətli və qətiyyətli mövqeyinin ifadəsidir.Soçi görüşündə səsləndirilənlər, eləcə də Paşinyanın fikirləri Ermənistanın reallıqları qəbul etməkdən, mövcud gerçəkliklər əsasında hərəkət etməkdən başqa çıxış yolu olmadığını göstərir. Yeri gəlmişkən, görüşlə bağlı yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Bununla yanaşı, üçtərəfli görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması da olduqca mühüm əhəmiyyətə malikdir.Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter