Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə əldə olunan razılaşmalar Vətən müharibəsindən sonra Azərbaycanın növbəti diplomatik uğurudur.
İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları gerçəkləşib.
Cari ilin aprelin 6-da 5 saata yaxın davam edən Brüssel görüşü zamanı əldə olunan razılaşmalar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması baxımından yeni mərhələnin başlanğıcı hesab etmək olar. Belə ki, görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü və ərazi bütövlüyümüzün öz əksini tapdığı 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial mövqeyinin istisnasız qəbul olunmasını sübut edir.
Digər tərəfdən bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. İlk növbədə qeyd olunan vacib nüanslardan biri əlbəttə, sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılığın əldə olunmasıdır. Bunun davamı kimi delimitasiyanın tərkibi və nəticəsi olaraq isə sərhəddə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir.
Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapıb.
Bu məqamlar Aİ Şurasının Prezidentinin həmin görüşlə bağlı bəyanatında, həmçinin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində də öz ifadəsini tapıb. Şarl Mişel jurnalistlərə müsahibəsində de¬yib: “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər yaradır.
Telman Əzimov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi