Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Ermənistanın kapitulyasiya etməsi Azərbaycanın hərbi qələbəsi demək idi. Prosesin davamı olaraq, Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Əlbəttə ki, bütün bunlar Brüssel qələbəsini də labüdləşdirirdi. Çünki heç kəsdə şübhə yox idi ki, Prezident İlham Əliyev Moskva və Soçidən sonra Brüsseldə də Azərbaycanın siyasi-diplomatik qələbəsini təmin edəcək, bir daha dünya rəsmi Bakının sülhsevər, əməkdaşlığa hazır mövqeyini görəcək.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi. Belə ki, Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Eyni zamanda, Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi İttifaq tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyi kimi qəbul edilməlidir. Digər tərəfdən, Şarl Mişelin bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bütün bunlarla yanaşı, Şarl Mişelin itkin düşmüş şəxslər, humanitar minatəmizləmə səyləri, rebilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, birgə iqtisadi əməkdaşlıq platformasının və regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi mühüm məsələlərə müsbət mövqe və dəstək ifadə etməsi bir daha Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərirdi.
Brüsseldə keçirilmiş görüşlərdə, birgə mətbuat konfranslarında və bəyanatlarda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk Qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələsinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını sübut edir.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın
Bələdiyyəsinin sədri