• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır

  • 17.10.2022, 11:13, Baxış sayı:
  • 312
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır
1993-cü il avqustunda havadarlarına güvənən Ermənistan silahlı qüvvələrinin hücumu bir həftə sonra, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə nəticələndi. Rayonların mülki əhalisinin bir hissəsi daxil olmaqla maddi və mədəni sərvəti məhv edildi, təbii ehtiyatları talan edildi, yaşayış və ictimai binaları amansızcasına dağıdıldı. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın soydaşımız doğma yurdundan didərgin düşdü.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək ərazini əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Arazçayı boyunca İranla həmsərhəddir. 1386 kvadrat kilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox olmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Əsası 1827-ci ildə qoyulan, ilk adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb. Ərazisindəki Qaraköpək təpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut edilib. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu aşkarlamaqdadır. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə yerli sakin döyüşüb, yüzlərlə sakin şəhid olub, yaralanıb və itkin düşüb. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayonlardan biridir. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri atasız-anasız qalıb. Azərbaycanın ümummillilideri Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi.
Düz 30 ilə yaxın uzun bir dövrdən sonra, öz müstəqilliyini təmin etmiş, güclü iqtisadiyyata və orduya malik olan dövlətimiz, erməni təcavüzkarlarının işğalçılıq siyasətinə artıq dur deyərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə başladı.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır!

Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter