Füzuli şəhərinin işğaldan azad olunması isə müharibənin gedişatında əhəmiyyətli rol oynamaqla, strateji baxımdan Azərbaycan üçün bir çox üstünlüklər qazandırdı. Füzuliyə Azərbaycan Ordusunun nəzarət etməyə başlaması cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biridir desək yanılmarıq. Onu da qeyd edək ki, Füzuli şəhərinin işğaldan azad olunmasından öncə Suqovuşan qəsəbəsi, Talış kəndi, Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi işğaldan azad olunmuşdu. Xüsusilə, Hadrut qəsəbəsinin işğaldan azad olunması düşməndə böyük bir qorxu, xof yaratmışdı. Həmin döyüş Ermənistan cəmiyyətinə və hərbi-siyasi rəhbərliyinə verilmiş ən ciddi mesaj idi. Çünki, Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsinə aid olan bir yaşayış məntəqəsi idi və Azərbaycan Ordusunun Hadrutu azad etməsi bir daha göstərdi ki, bizim üçün bütün torpaqlar doğmadır - istər Füzuli, istər Cəbrayıl, istər Zəngilan, istər Hadrut, Şuşa, Suqovuşan. Hamısı bütöv Azərbaycanın tərkib hissəsidir və Azərbaycan əsgəri onların hər biri uğrunda döyüşməyə və canından keçməyə hazırdır. Məhz bu qətiyyətin nəticəsidir ki, bir müddətdən sonra düşmən artıq dirəniş göstərmək yerinə öz mövqelərini, silahlarını qoyub qaçırdı.
O cümlədən, Füzuli uğrunda döyüşlərin son mərhələsində də düşmən bənzər mövqeni sərgiləmiş və qaçmışdır. İşğalçının Azərbaycan Ordusunun zərbələri nəticəsində öz mövqelərini tərk etməsi isə mənəvi-psixoloji və taktiki üstünlüyün Ordumuzun tərəfinə keçməsinə səbəb olaraq müharibənin gedişatında əhəmiyyətli rol oynamışdır. Beləliklə, 17 Oktyabr tarixi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hərbi ekspertlər Füzulinin işğaldan azad olunmasının hərbi baxımdan çox çətin olacağını və bəlkə də buna aylarla vaxt lazım gələcəyini bildirirdilər amma, Azərbaycan Ordusunun peşəkarlığı, fədakarlığı və şücaəti döyüşlərin 21-ci günündə Füzulinin işğaldan azad edilməsinə gətirib çıxardı.
Məlumat üçün bildirək ki, tarixi 10 noyabr Bəyanatından sonra ölkə başçımızın bölgəyə ilk səfərlərindən biri də məhz Füzuli şəhərinə olmuşdur və bu günə qədər cənab İlham Əliyev ümumilikdə dörd dəfə bölgəyə səfər etmişdir. Təbii olaraq hər səfər bir çox layihələrin təməlinin qoyulması və açılışlarla xarakterik olmuşdur. Bundan sonra da, şübhə yoxdur ki, dövlət başçımızın bölgəyə xüsusi diqqət və qayğısı nəticəsində ən qısa müddətdə şəhər tamamilə bərpa olunacaq və Füzulinin az qala otuz ildir Vətən həsrəti çəkən əhalisi öz doğma torpaqlarına qovuşacaqdır. Sonda bir daha qürurla bildirmək istəyirəm ki, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılan əzəli Azərbaycan torpağı işğalının 27-ci ilində şanlı Azərbaycan Ordusunun şücaəti və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti ilə işğaldan azad olundu. Beləliklə, Füzuli bizimdir! Füzuli Azərbaycandır!
Mais Tarverdiyev,
Sabirabad rayonu Əliləmbəyli bələdiyyəsinin sədri