Azərbaycanın şanlı Ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı.Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il qəvi düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib.1993-cü il 23 avqust həm də eyni gündə Cəbrayıl şəhərinin işğal olunması tarixi idi.Cəbrayılın üstündən bu tarix daha erkən - oktyabrın 4-də götürüldü, şəhərimiz azad edildi, daha 23 avqust yoxdur, 4 və 17 oktyabr var.
Əslində çoxdan gözlənilən Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verir. Çünki bu şəhər işğal olunanda deyilirdi ki, Cəbrayıl, Zəngilan və Qubadlı mühasirəyə salınır.
Madam belədir, o halda Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açılır.Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu.İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü.
Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb...Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdığı deyilir.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açır. Onun sözlərinə görə, bu sırada əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi deməkdir.
Çünki, ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzlər. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi. Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.
Artıq Füzuli azaddır.
Vəli Hüseynov,
Sabirabad şəhər sakini, idmançı