• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Füzulİ və Cəbrayılın işğalının 28 ili tamam olmadı

  • 26.08.2021, 07:57, Baxış sayı:
  • 407
Füzulİ  və Cəbrayılın işğalının 28 ili tamam olmadı
Şükürlər olsun ki, Füzuli və Cəbrayılın işğalının 28 ili tamam olmadı. Şükürlər olsun ki, artıq "Füzuli və Cəbrayılın işğalından 28 il ötür" xəbərini vermədik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Füzuli və Cəbrayıl rayonları 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmişdi.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min gün həcmində hesablanıb.
Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər cəbrayıllı həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Bundan sonra "Biz yurd yerlərimizə qayıtmışıq!" devizi altında keçirilən tədbirlərdə Ali Baş Komandanın və müzəffər ordumuzun Zəfər yürüşü və Füzuli, Cəbrayıl rayonlarının tarixi, milli adət-ənənələri, füsunkar təbiəti, eləcə də görkəmli şəxsiyyətləri, qəhrəmanları haq­qında ətraflı məlumat veriləcək.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter