Sabirabadda aparılan monitorinqlərin nəticəsi göstərir ki, satışda olan tortların 98%-nin üzərində istifadə müddəti yazılmır. Bu da ondan xəbər verir ki, vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satılır
Şirniyyat dükanlarında satışa çıxarılan tortların saxlanma müddəti 31 saatdır. Lakin ekspertlər tərəfindən ölkəmizin bir sıra rayonlarında, o cümlədən Sabirabada aparılan monitorinqlərin nəticəsi göstərir ki, satışda olan tortların 98%-nin üzərində istifadə müddəti yazılmır. Bu da ondan xəbər verir ki, vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satılır.
Tortların qiymət və təhlükəsizlik sənədlərinin olmadığını qeyd edən ekspert bildirib: "Satışda olan tortların yalnız gigiyenik sənədləri vardır ki, o da bir neçə aylıq və ya illik verilir. Gigiyenik sənəd isə satışda olan məhsulların təhlükəsiz olması demək deyil. Gigiyenik sənədlər yalnız istehsalla bağlı verilir. Ona görə də zəhərlənmələr baş verir”.
Digər ekspertlər hesab edir ki, tərkibində şirinlik olan qida məhsulları konservantdır, bu da qıcqırma proseslərini aktivləşdirdiyindən zəhərlənmə yarada bilər. Xatırladaq ki, SSRİ dövründə ümumiyyətlə, yay mövsümündə kremli tortların satışı qadağan edilmişdi. İkincisi, kremli məhsullarda marqarin yağı işlədilməsi qadağandır. Amma bizim şirniyyat şəbəkələrinin böyük əksəriyyətində heç bir şirniyyat məhsuluna kərə yağı işlədilmir. Peçenyeyə və sair marqarin yağı işlətmək olar. Kremli şirniyyatlarda isə ancaq kərə yağı işlədilməlidir.
Ekspertlərin sözlərinə görə, tortu satan firma onun üzərində göstərməlidir ki, bu, saat neçədə hazırlanıb. Lakin praktikada buna rast gəlinmir.
O da bildirilir ki, tortlar biskvitli, vaflili, qırıntılı və müxtəlif məhsulların qarışığından hazırlandığı üçün onların bişirilməsi, saxlanma müddəti və şəraiti müxtəlifdir. Meyvəli-yaş tortların saxlanma müddəti daha az olur. Belə ki, tortun tərkibindəki meyvələr hava ilə reaksiyaya girərək, çürümə prosesinə səbəb olur. Meyvəli tort turşumuş, qıcqırmış qoxu verirsə, ondan istifadə etmək olmaz. Əks halda, bu, zəhərlənmə ilə nəticələnə bilər. O da qeyd olunur ki, orqanoleptik göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.
ALICILARIN NƏZƏRİNƏ !
Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər üzərində qeyd olunmalıdır. Tort və şirniyyatları şəhərlərarası daşımalarda müxtəlif yeşiklərdə, faner və karton qablarda, mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşınmalıdır. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Amma təəssüf ki, çox zaman qeyd olunanlar həyata keçirilmir. Bu səbəbdən mağazalardan tort və şirniyyat alarkən diqqətli olmaq lazımdır. Əks halda, şirniyyat yemək istəyiniz zəhərlənmə ilə nəticələnə bilər.
“Muğanın səsi”