20-30 qəpiklik dondurma, yoxsa "ucuz ölüm?!” - ZİYANLIDIR !
Artıq yaz aylarından dondurmanın satışı başlayıb. Havalar isindikcə çoxunun tez-tez yada saldığı qida dondurma olur. İstilər düşən kimi dondurma ən çox satılan məhsullardan birinə çevrilir. Və artıq havalar kifayət qədər isinib. Sabirabadın mağazalarında da 2 aya yaxındır ki, dondurma satışına başlanılıb.
Marketlərdə hər növ, hər qiymətə bu məhsuldan tapmaq olar. İndi 20 qəpiyə də, 10 manata da dondurma var. Ancaq dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur. Məsələn, 20 qəpiklik dondurmanın orqanizmə hansı zərər-ziyanının olması izah edilmir. Ümumiyyətlə, bu sahə üzrə araşdırmalar azdır.
Sadəcə, dondurma mövsümi başladığına görə aktuallıq kəsb edir və biz də kiçik araşdırma aparmaq qərarına gəldik.
Marketlərdən öyrəndik ki, müxtəlif adlı yerli dondurmalar satışdadır. Dondurmanın satış şəbəkəsində saxlanma müddəti 20 gündən artıq deyil. Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir.
Normalda dondurma kərə yağından hazırlanmalı və dilin üstünə qoyulanda təzə qaymaq dadı verməlidir. Amma bəzən işbazların dondurmanı istehsal edərkən tərkibinə marqarin, müxtəlif bitki yağlarını qatması onun yararlılıq müddətini azaldır. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.
Mütəxəssislər iddia edir ki, köhnə və ya uzun müddət istifadəyə yararlı olması üçün çoxlu konservant qatılan dondurma zəhərlənmə və mədə-bağırsaq pozuntularına səbəb ola bilər.
Əmtəə bazarında elə dondurmalar da var ki, qida üçün tam yararsızdır. 20-30 qəpiklik dondurmalar belələrindəndir.
Bir az fikirləşəyin. Əsasən dondurma suddən və digər məhsullardan hazırlanır. İstehsal xərclərini də üstünə gəlsək dondurmanın 20 qəpiyə, 30 qəpiyə başa gəlməsinə inanırsınızmı? İstisna deyil ki, həmin 20 qəpiklik dondurmalar hazırlanarkən naməlum mayelərdən, quru süddən istifadə edilir.
Bu cür dondurmaları yeyən şəxslər ciddi mədə-bağırsaq xəstəliklərinə, hətta xərçəng xəstəliyinə tutula bilərlər. Çünki həmin dondurmaların tərkibində çoxlu sayda müxtəlif kimyəvi qatqılar vardır. O halda dondurma yeyəndə boğaza acılıq verir. Ona görə də əhali diqqətli olmalıdır.
“Muğanın səsi”