Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlamaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəssüf ki, sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar.
Ekspertlər deyir ki, monitorinqlər son dövrlər mağazalarda vaxtı keçmiş malların sayının artdığı müşahidə edilir: “Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də istehlakçılar mal alan zaman diqqətli olmalıdırlar. Ərzaq məhsulları alan zaman həmin məhsulun istifadə vaxtına diqqət yetirmək lazımdır. İstehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər”.
Yerlərdən aldığımız məlumatlara görə rayonumızda da fəaliyyət göstərən bir çox mağazalarda istifadə müddəti keçməsinə baxmayaraq, zay məhsullar müştərilərə satılır. Qəribədir ki, görülən tədbirlərə baxmayaraq, bu məhsulların satışının qarşısını tam almaq mümkün olmur. Yəqin bunun bir səbəbi də odur ki, bu cür məhsullara tələbat var. Hər halda alıcılar vaxtı keçmiş məhsulu almasalar, satıcılar onu kimə satarlar?
Mütəxəssizlər deyir ki, ölkəmizdə istehsalçılar öz məhsullarını ölməz məhsula çevirib, son nəticədə yenə də istehlakçılara satmaq istəyirlər: Bunun üçün də çoxlu sayda, ağla gəlməyən variantlardan istifadə edirlər. Məsələn, istehsal tarixini dəyişirlər, Bakıda satılmayan köhnə məhsulları rayonlara, ucqar kəndlərə göndərirlər.Bəzi kolbasa məhsullarını yenidən bükürlər. Yəni min cür üsullara əl atırlar. Bir çox istehsalçılar və satıcılar vaxtı keçmiş məhsulları məhv eləməyə maraqlı deyillər. Qanunvericiliyə dəyişiklik edilməlidir. İstehsalçılar zay məhsulu məhv etməyə maraqlı olmalıdırlar. Amma faktiki olaraq yararlılıq müddəti keçmiş məhsullara görə də satıcılardan vergi alınır. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir.
Qeyd edək ki, istehsalçı saxtakarlığının da bir neçə forması var. Bunlar çeşid saxtakarlığı, keyfiyyət saxtakarlığı, kəmiyyət saxtakarlığı, qiymət saxtakarlığı, məlumat saxtakarlığı və texnologiya saxtakarlığıdır...
Başlayaq tortlardan: Mətbuatda yayılan məlumatlara görə, satışa çıxarılan tortlar arasında saxlanma şəraitinə əməl olunmadan, yararlılıq müddəti ötmüş, düzgün qablaşdırılmayan, üzərində tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilməyən məhsullar kifayət qədərdir.
- Bəzi şirniyyat məhsullarının qutusunun üzərində istehsal tarixi ayrıca kağızda yapışdırılır ki, onu da asanlıqla cırıb, yenisini yapışdırmaq mümkündür.
- Bəzi ərzaq məhsullarının üzərinə ya istehsal tarixi yazılır, ya da heç biri yazılmır.
- Bəzi kolbasa məhsulları istehsal edən müəssisələr də təkrar istehsal qəti qadağan olduğu halda, həmin məhsulları təkrar istehsalda istifadə etdikləri barədə mətbuatda kifayət qədər məlumatlar yayılıb.
- Bəzi sərinləşdirici içkilər sertifikatlaşdırılmadan ticarət şəbəkələrinə göndərilir, məhsulun üzərində saxlanma müddəti isə şişirdilərək göstərilir.
- Müəyyən qida məhsulları var ki, üzərində istehsalçı müəssisənin adı, ünvanı, istehsal və son istifadə tarixləri və istehlakçı üçün zəruri digər məlumatlar göstərilmir.
Sonda bir daha qeyd edək ki, istifadə müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən mallar satıla bilməz. İstehlakçılar məhsul alarkən mütləq keyfiyyətin təyini göstəricilərinə fikir verməli, hər hansı pozuntu müşahidə edilən malları almamalıdırlar.
Deməli hər şey təkcə istehsalçıdan, satıcıdan yox, ən çox istehlakçıdan, yəni alıcıdan asılıdır. Diqqətli olun keyfiyyətsiz, vaxtı keçmiş ərzaqlardan uzaq olun.
“Muğanın səsi”nin analtik qrupu