• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vaxtı keçmiş dərmanların yaratdığı təhlükələr

  • 04.08.2022, 22:00, Baxış sayı:
  • 2018
Vaxtı keçmiş dərmanların yaratdığı təhlükələr
Vaxtı keçmiş dərman vasitələrindən istifadə yolverilməzdir.
Əczaçılıq müəssisələri belə dərmanları ən azı 10 gün əvvəl satışdan yığışdırmalıdırlar.

Dərmanlar üç kateqoriyaya bölünür: istifadə müddəti bitdikdən sonra bəziləri effektivliyini itirir, digərlərində bakteriya çoxalmağa başlayır, bəziləri isə sadəcə ölümcül olur.
Həkimlər xəstələrə riskə getməmələrini və vaxtı keçmiş antibiotiklərdən istifadə etməmələrini tövsiyə edirlər. Fakt budur ki, zaman keçdikcə onlar güclərini itirirlər və xəstəlik zamanı istifadəsi tamamilə faydasızdır. Dəyərli vaxtı qaçıra və xəstələnə bilərsiniz.
Vaxtı keçmiş maye məhsulları da ən yaxşı şəkildə zibil qutusuna atılır. Hər hansı bir maye - istər bir şərbət olsun, istər öskürək spreyi - mikroblar üçün yetişdirici yerdir və buna görə də saysız-hesabsız bakteriyalar mayelərdə çoxalır.
Hər bir evdə xroniki xəstəlikləri müalicə etmək üçün dərmanlar, həmçinin ilkin tibbi yardıma lazım olan vasitələr olur. Lakin dərmanları evin istənilən guşəsində saxlamaq məsləhət görülmür, çünki otağın temperatur və rütubəti nəzərə alınmalıdır.
Dərman vasitələrinin effektivliyi onların düzgün saxlanılmasından da asılıdır. Əgər dərmanlar tələb olunan şəraitə uyğun qorunmursa, onda həmin vasitələr istifadə müddəti bitmədən keyfiyyətini itirir, ən pis halda isə onun qəbulu orqanizmə ciddi zərər verə bilər. Həblər rəngini dəyişərək ovulub tökülərsə, kapsulların örtüyü dağılarsa, bir-birinə yapışarsa və ya əziklər əmələ gələrsə, damcıların rəngi qaralarsa, mazların isə içində bərk hissəciklər yaranarsa, həmin əlamətlər dərman vasitələrinin artıq sıradan çıxdığını göstərir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumatda deyilir ki, hər bir dərman vasitəsinin üzərində qeyd olunan saxlama şəraitinə ciddi yanaşmaq vacibdir: “Adi saxlanma şəraiti tələb edən dərman vasitələri quru, yaxşı havalandırılan sahələrdə və 15-25° C temperaturda saxlanılmalıdr. Dərmanlar üzərində göstərilən son istifadə tarixinə qədər yararlıdır, həmin vaxtdan sonra onun istifadəsi qadağandır”.
Aran bölgəsində, elə Sabirabadda da 40 dərəcəyə yüksələn istidə dərmanların saxlanılması heç bir aptekdə də göz­lənilmir.
Mütəxəsislər bu barədə deyirlər ki, apteklərdə dərmanların pərakəndə və topdansatışı, dövriyyədən çıxarılması və digər məsələlər Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş «Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Həmin qaydalara əsasən, istifadə müddəti keçmiş dərmanların satışı qadağandır. Bu məsələ vaxtı keçməyə yaxınlaşan dərmanlara da şamil olunur: «Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı nəticəsində apteklərdə kompüterləşdirilmə sistemi quraşdırılıb. Aptekə gətirilən hər bir yeni dərman həmin kompüterdə qeydiyyata salınır. Bundan əlavə, hər bir aptekin borcudur ki, dərmanların istifadə müddəti barədə məlumatları da kompüterdə əks etdirsin. Həmin məlumatlar əsasında da dərmanlar istifadə müddətinin bitməsinə ən azı 10 gün qalmış satışdan yığışdırılmalı və dövriyyədən çıxarılmalıdır”.
Mütəxəssislər onu da deyirlər ki, əgər belə dərmanlar xəstələrə, yaxud pasiyentlərin yaxınlarına satılarsa, bu zaman əczaçılar və satıcılar bu dərmanların geri qaytarılmasını və müştəriyə dərmanın pulunun ödənilməsini təmin etməlidirlər. Onun fikrincə, istifadə müddəti keçməkdə olan dərman satılarsa, ondan istifadə nəticəsində xəstənin sağlamlığına hər hansı bir formada zərər gələrsə, bu zaman məsuliyyət məhz aptekin, satıcı və əczaçının üzərinə düşür.
İstifadə müddəti keçməkdə olan dərmanların apteklərdən yığışdırılması da qanunvericiliklə tənzimlənməlidir. Əksər dərmanlar xarici ölkələrdən Azərbaycana idxal olunur. Həmin dərmanların gətirilməsinə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bilavasitə nəzarət edirlər və bu nəzarət lazımi səviyyədə olduqda saxta, yəni müddəti keçmiş və ya təhlükəli dərmanların ölkəyə idxalının qarşısını almaq xeyli asanlaşır. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin borcudur ki, apteklərə müntəzəm nəzarət funksiyasını həyata keçirsin. Yəni həmin şöbə apteklərdə satılan dərmanların keyfiyyətini, onların istehsalçılarını, dərmanların istifadə müddətini, satışdan yığışdırılmasını, dövriyyədən çıxarılmasını və sair məsələləri nəzarətdə saxlamalıdır. Hətta bu şöbə müddəti keçmiş, yaxud keçməkdə olan dərmanları satışdan yığışdırmayan və dövriyyədən çıxarmayan aptekləri qanunvericilik əsasında cəzalandırmaq və cərimələmək hüququna da malikdir.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsindən bildirilir ki, Səhiyyə Nazirliyi bir müddət əvvəl «9103» «Qaynar xətt» xidmətini istifadəyə verib və əhali bu əlaqə telefonu ilə nazirliyin bütün şöbələri ilə əlaqə yarada bilər. «Qaynar xətt»ə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Ona görə də şikayətçilərə məsləhət görülür ki, üzləşdikləri neqativ hallarla və qanun pozuntuları ilə bağlı «9103»ə bildirsinlər və nəticədə bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülsün.

İ. KÜRÇAYLI,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter