Sabirabad şəhərində daha 9 çoxmərtəbəli yaşayış binasının ətrafı asfaltlanıbSon illər ölkəmizdə, eləcə də Sabirabad rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Sabirabad şəhərində daxili yollarda da asfaltlaşma işləri aparılmışdır. Lakin abad, müasir tələblərə cavab verən yollar, parklar, xiyabanlar, səkilərlə bərabər gözdən uzaq, könüldən iraq düşən yaşayış binalarının ətrafında olan yollar da vardır. Baxımsızlıq ucbatından həmin yerlər bərbad vəziyyətə düşmüşdü. Artıq 9 çoxmərtəbəli yaşayış binasının ətrafında asfaltlaşma işləri aparılıb.
Sözügedən sahələrdə hərəkət hissəsi demək olar ki tamamilə sıradan çıxdığı üçün əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Bu səbəbdən də həmin ərazilərə 6 min kv.metr asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
Bu mövzu ilə əlaqədar şəhər sakinləri ilə görüşüb onların fikirlərini öyrəndik.
Şəhər sakini Əliqardaş AĞAYEV dedi:
-Təkcə şəhərimizdə deyil, ölkəmizin digər yerlərində də abadlıq-quruculuq işləri getdikcə sürətlənir. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsindədir. Rayon rəhbəri Siraqəddin Cabbarov uzun illər asfalt çəkilməyən şəhərdaxili yollarımızı abadlaşdırdı. İndi isə yaşayış binalarının ətraflarını abadlaşdırır, asfalt çəkdirir. Həmin yerlərdə adamlar yayda toz-torpağa, qışda isə qar-yağış yağanda palçığa bulaşırdılar. İndi abadlıq, səliqə-sahman işlərini görəndə adamın eyni açılır. Buna görə rayon rəhbərinə ürəkdən minnətdarlığımızı bildiririk.
Şəhər sakini Balakişi MÜZƏFFƏROV:
-Bu abadlıq, səliqə-sahman, asfaltlaşma işləri hər şeydən əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyevin camaatımıza qayğısı sayəsində mümkün olmuşdur. Nə yaxşı ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev Siraqəddin Cabbarovu rayonumuza başçı təyin etmişdir. Rayona rəhbərlik etdiyi vaxtdan camaatımızın rəğbətini qazanıb. Abadlıq işlərinə görə ona ürəkdən minnətdarlığımızı bildiririk.
71 yaşlı şəhər sakini Mütəllim NADİROV:
-Adicə bir misal çəkim. Süfrə çirkli olanda adamın iştahı küsür. Şəhərimizin təmizliyi, gözəlliyi, abadlığı da bunun kimidir. Gözəl, abad küçədə gəzəndə adamın ürəyi açılır, bundan xoşhal olursan. Rayonumuzda görülən bu işlər təqdirəlayiqdir.
Şəhər sakini Ülviyyə AĞAYEVA:
-Sabirabad dahi şairimiz Sabirin adını daşıyır. Eyni zamanda bu adda “abad” sözü də vardır. Deməli, biz rayonumuzun, şəhərimizin abadlığı qayğısına qalmalyıq. Asfaltlaşmadan başqa digər abadlıq işləri də görülür. Qurumuş ağaclar kəsilir, əvəzinə təzələri əkilir, həmçinin daxili kanallar təmizlənir və s. işlər görülür. Bu nəcib əməllər camaatımızın rahatlığı üçündür.
Abadlıq, səliqə-sahman mədəniyyət, bir dünya sevincdir. Bu sevincdən şəhərimizin sakinlərinə də pay düşür.
E.XƏLİLOĞLU,
“Muğanın səsi”