• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Oxucularımızın ürək sözləri

  • 22.07.2022, 00:17, Baxış sayı:
  • 685
Oxucularımızın ürək sözləri

Arzumuz budur ki, “Muğanın səsi” daim xalqın SƏSİ olsun


Qəzetimiz obyektivliyi daim gözləməyə çalışır. Toxunulan mövzuların şərhi ətrafında qarşılıqlı mülahizələrin söylənilməsinə imkan yaradılır. Prinsipiallıq “Muğanın səsi”nin əsas meyarına çevrilib. Bununla belə oxucu sözünə, mütəxəssis məsləhətinə həmişə hörmətlə yanaşırıq. Dəyərli təklifləri, xeyirxah tövsiyyələri lazımınca qiymətləndiririk. Bax, elə Azərbaycan Milli Mətbuatı Günü ərəfəsində üz tutduğumuz oxucularımızın fikirlərini öyrənməkdə də bu məqsədi güdürük. Bu gün təkcə jurnalistlərin deyil, eyni zamanda qəzetimizin hər bir sayını maraqla izləyən oxucularımızın da bayramıdır. Beləliklə, oxcularımızın ürək sözləri:

Mirhəmid HƏMİDOV, Milli Məclisin sabiq deputatı, istedadlı alim, gözəl ziyalı, əsl el ağsaqqalı:

-Təkcə hadisələrə yanaşma tərzinə, yüksək yazı mədəniyyətinə və mötəbərliyinə görə yox, həm də peşə standartlarına, seçdiyi yaradıcılıq meyarlarına görə “Muğanın səsi” fərqlidir.
Hörmətli “Muğanın səsi” qəzetinin rəhbərliyi və kollektivi! Sizi Milli Mətbuat Günü münasibətilə səmim-qəlbdən təbrik edirəm! Hər birinizə xoş ovqat, can sağlığı, ictimai faydalı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Vaqif QURBANOV, “Muğansutikinti” MMC-nin direktoru, “Əməkdar mühəndis”:

-Ötən illər ərzində ölkəmizdə demokratiyanın, söz azadlığının bərqərar olması sayəsində xeyli iş görülmüşdür. Milli mətbuatımızın tərəqqisi naminə mühüm addımlar atılmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ölkədə mətbuat üzərində senzura ləğv edilmiş, kütləvi informasiya vasitələrinin inkişafı üçün ciddi maneələr aradan qaldırılmışdır. Ulu Öndər Heydər Əliyev kursunu ləyaqətlə davam etdirən ölkəmizin Prezidenti cənab İlham Əliyev də mətbuat, söz azadlığı üçün geniş imkanlar yaratmışdır.
Heç də təsadüfi deyildir ki, mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Jurnalistlər öz sözləri, fikir və mülahizələri ilə həyatda baş verən hadisələr haqqında ictimai rəy yaratmağa, hadisələrin istiqamətinin dəyişilməsinə güclü təsir göstərməyə qabildirlər. Çox istedadlı jurnalistlərimiz var. Onlar peşə şərəfini daim uca tutur, obyektivlik, yüksək professionallıq, əsl vətəndaşlıq və dövlətçilik mövqeyi nümayiş etdirirlər.
“Muğanın səsi”ni müntəzəm oxuyuram. Qəzetin hər sayını səbrsizliklə gözləyirəm. “Muğanın səsi” tanınır, sevilir. Nəyə, hansı keyfiyyətlərinə görə? Hər şeydən əvvəl ona görə ki, qəzet ictimai-siyasi hadisələri və məlumatları yüksək sənətkarlıqla, aydın və canlı dillə, orijinal formalarda təqdim etmək qüdrətinə malikdir. Dil mədəniyyəti baxımından da “Muğanın səsi” digər mətbu orqanlardan fərqlənir. Mən “Muğanın səsi”ndə nəyi görmək istərdim? Hər şeydən əvvəl istərdim ki, qəzetə ilk növbədə və çox sayda abunə yazılşı təmin edilsin, digər xeyriyyəçilik tədbirləri görülsün. Arzum budur ki, rayonda qəzetə kömək edən xeyriyyəçilərin sayı çoxalsın. Bu işlər sistemli şəkildə davam etməlidir ki, rayonumuzun tarixi salnaməsini yazan qəzet yaşasın. İlham müəllim başda olmaqla kollektivinizi ürəkdən təbrik edir, can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram!

Gülnar HÜMBƏTOVA, şəhid Sahin Hümbətovun həyat yoldaşı:

-“Muğanın səsi” öz yeri, öz nüfuzu olan qəzetdir. Qəzet rayonda baş verən yenilikləri real şəkildə və operativ surətdə çatdırır. “Muğanın səsi”nin səhifələrində müxtəlif səpkili materiallar dərc edilir. “Muğanın səsi”ndə eyni zamanda Qarabağ uğrunda şəhid olan oğullarımız, qazilərimiz haqqında, Vətən müharibəsi veteranlarının qayğıları barədə silsilə yazılar verilir. Redaksiyanın bütün əməkdaşlarını və oxucuları bayram münasibətilə təbrik edirəm! Arzu edirəm ki, “Muğanın səsi”nin oxucu auditoriyası daha geniş olsun.

Eyvaz FƏRZƏLİYEV, Sabirabad rayon Ağsaqqallar Şurasının sədri:

- Həqiqi mətbuat millətin səsidir, onu maarifləndirən, zehnini qidalandıran və yol göstərən bir vasitədir. Maraqlı və dəyərli məsələlərə toxunduğuna görədir ki,“Muğanın səsi” populyar, sayılıb-seçilən qəzetlərdəndir. Mən qəzetin baş redaktoru İlham Əsgərovu həmişə səmimi görmüşəm.
Qəzetin rəhbərliyini, əməkdaşlarını eləcə də oxucularını Milli Mətbuat Günü münasibətilə təbrik edirəm! Arzu edirəm ki, ictimai fikir tribunasından dediyiniz söz bundan sonra da sağlam düşüncəyə, qətiyyətli məntiqə və xəlqi ruha söykənsin.

Seyidhəşim AĞAYEV, Sabirabad şəhər Ağsaqqallar Şurasının sədri:

-“Muğanın səsi” rayonumuzun ictimai-iqtisadi və mədəni həyatının güz­güsüdür, Azərbaycan dövlətçiliyinin, sosial ədalət prinsipinin müdafiəsi, ictimai-siyasi proseslərin obyektiv həlli istiqamətində “Muğanın səsi” qəzeti sanballı iş görür. Bu qəzetdə sabirabadlıların arzuları, istəkləri öz həllini tapır. “Muğanın səsi”nin əməkdaşları qəzeti oxunaqlı etmək üçün son illər daha səylə çalışırlar. Jurnalistlərin ən aktual məsələləri şərh və müzakirə etmələrindən çox razıyam. Qəzetin səhifələrində vaxtaşırı gündəlik həyatımızın aktual məsələlərinə dair maraqlı yazılar dərc edilir.
Mənim üçün əziz və doğma olan “Muğanın səsi” qəzetinin bütün kollektivini ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları, Həsən bəy Zərdabi dəyanəti, Mirzə Cəlil qətiyyəti arzulayıram!

Kamil QƏNİYEV, “Şərəf nişanı” ordenli ağsaqqal:

-“Muğanın səsi” digər nəşrlər içərisində öz dəsti-xətti ilə tanınır. Qəzetin səhifələrində xüsusi hörmət bəslədiyim qələm sahiblərinin yazılarını maraqla oxuyuram. Obyektiv fikrə xidmət edən yazıları daha çox bəyənirəm. Çox təqdirəlayiq haldır ki, qəzetdə Ümummilli Liderimiz, sabirabadlıların əziz dostu Heydər Əliyevin ömür yolundan bəhs edən saysız-hesabsız yazılar, foto-şəkillər dərc olunub. Bu qiymətli materiallar əsasında geniş həcmli kitab hazırlamaq olar. “Muğanın səsi” vaxtaşırı ağsaqqalların, əmək və müharibə veteranlarının həyatından bəhs edən yazılar verir, onların arzu və istəklərini qələmə alır. Ağsaqqalların, veteranların dostu “Muğanın səsi”nin ətrafında birləşən bütün istedadlı jurnalistləri bayram münasibətilə ürəkdən təbrik edir, onlara uğurlar diləyirəm!

Əlişirin ƏLİYEV, rayon poliklinikasının müdiri:

-Mən əsasən öz arzu və təkliflərimi bildirmək istəyirəm. Qəzetin səhifələrində fəlsəfi, mənəvi-əxlaqi, bədii-estetik məsələlərə daha çox yer ayrılmasını, diskussiya xarakterli yazıların verilməsini arzulayıram. Bir də görürsən ki, mərkəzi qəzetlərdə, lap elə televiziyada türkəçarə həkimləri elə reklam edirlər ki, deyirsən bəs bunlarsız səhiyyə batar. Lakin onların məsləhətlərinin, müalcələrinin heç də həmişə faydası olmur. Türkəçarə həkimləri reklam etməkdənsə, bir çox üstün cəhətləri olan Çin təbabətinin reklamlarını genişləndirmək daha məqsədə uyğundur. Nə yaxşı ki, “Muğanın səsi” bu yolda deyildir. Arzu edərdim ki, “Muğanın səsi” həmişə doğru yolda olsun, qəzet həmişə obyektiv çıxsın, öz səhifələrində günün reallıqlarını əks etdirsin. Kollektivinizi səmim-qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı, daim xoş əhval-ruhiyyə arzulayıram!

Səidə HÜSEYNOVA, ali kateqoriyalı təqaüdçü müəllim:

-Rayon qəzetini hələ uşaqlıqdan sevə-sevə oxuyuram. Məni bu qəzetə bağlayan vaxtilə qəzetin mətbəəsində mürəttib işləmiş atam olmuşdur. Qəzetin oxucusu olmaqla bərabər, uzun illərdir ki, redaksiya ilə əməkdaşlıq edirəm. “Muğanın səsi”in səhifələrində yazılarım dərc edilir. Qəzet rayonun ictimai-siyasi həyatını dolğun surətdə işıqlandırıb oxucu kütləsinə çatdırmaqda ictimaiyyətin dərin rəğbətini qazanıb.
Arzu edirəm ki, “Muğanın səsi”də milli-mənəvi, dini, əxlaqi dəyərlərimiz, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda yazılara daha çox yer verilsin. Maarifçilik, mədəniyyət məsələlərinə də diqqət artırılsın. Əsas istəyim budur ki, rayonumuzun xeyriyyəçiləri qəzetə maliyyə yardımı etsinlər. Bayram münasibətilə kollektivinizi ürəkdən təbrik edirəm!

Məhəmməd HƏSƏNOV, fermer:

-Bu gün iqtisadi mövzuları əks etdirən nəşrlərin dairəsi nədənsə azalıb. Halbuki, iqtisadiyyat olmadan hər hansı inkişafdan danışmaq qeyri-mümkündür. İndiki dövrdə “Muğanın səsi” qəzeti kənd üçün ən etibarlı kompasdır. “Muğanın səsi” kənd adamlarının həyatından, iş-gücündən vaxtaşırı yazılar dərc edir. Ölkəmizin rəhbəri cənab İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq regionların sosial-iqtisadi inkişaf məsələlərindən, rayonumuzda, kənd inzibati ərazi dairələrində görülmüş işlərdən qəzetdə bir-birindən maraqlı geniş yazılar verilir. Yaxşı olardı ki, kənd inzibati ərazi dairələrində bu mövzularla əlaqədar dəyirmi masalar təşkil edilsin. Arzum budur ki, bizi yedirdən, geydirən əmək adamlarını heç vaxt unutmayasınız. Onların fəaliyyətini daha çox qələmə alasınız. Bayram münasibətilə kollektivinizi təbrik edirəm!

Əli KƏRİMLİ, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi:

-“Muğanın səsi”nin mövqeyi, toxunduğu məsələlər, qaldırdığı problemlər bir oxucu kimi məni qane edir. Rayonumuzun ictimai-siyasi həyatı barədə “Muğanın səsi”ndən geniş və dolğun məlumatlar alırıq. Sizə bayram günündə xoş arzular diləyirəm!

Seyidbəyim MEHDİZADƏ, Nizami Gəncəvi adına Sabirabad şəhər tam orta məktəbinin məzunu:

-Respublikamızda aparılan hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi islahatlar, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, konstruktiv siyasi-mədəni mühitin formalaşması mətbuat orqanlarının əsas mövzularıdır. Təqdirəlayiq haldır ki, “Muğanın səsi” bu məsələrlə bağlı dolğun, peşəkarcasına hazırlanmış materiallar dərc edir, dövlət siyasətinin mahiyyətinin əhalinin geniş təbəqəsinə çatdırılmasına müvəffəq olur. “Muğanın səsi” qəzetinin baş redaktoru İlham Əsgərovu və kollektivinizi Milli Mətbuat bayramı münasibətilə təbrik edir, uğurlar arzulayıram!
Bunlar oxucu qəlbindən gələn səmimi hiss və duyğulardır. Haqqımızda deyilən xoş sözlərə görə təşəkkürümüzü bildirir, təkliflərinizi qəbul edir, söz veririk ki, qəzetin sanbalını artırmağa, daha çox oxucunu əhatə etməyə nail olaq. Odur ki, bayram günündə çoxsaylı oxucularımızın səsinə qoşularaq “Muğanın səsi”nə yeni uğurlar, daha cəsarətli yazılar arzulayırıq!

Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter