Avropanın, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın reallaşdırdığı iri layihələr ölkəmiz tərəfindən müəyyənləşdirilmiş enerji siyasətinin effektli nəticəsini bir daha təsdiqləyir. Bu istiqamətdə görülən işələr artıq ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunu artırmaqdadır. Cənub Qaz Dəhlizi layihəsi də bu qəbildəndir. Belə ki, layihə bu gün Avropanın üzləşdiyi qaz böhranının aradan qaldırılmasında əsas pay sahibi kimi çıxış etməklə ölkəmizin bu sahədə rolunu daha da artırır. Layihənin icrası həmçinin iştirakçı dövlətlər arasında əməkdaşlığın inkişafına və regionda təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin 8-ci toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə qurumlarının qatılması layihəyə durmadan artan marağı və onun genişlənməkdə olan miqyasını göstərir. Həmçinin səslənən fikirlər, irəli sürülən təkliflər bir daha təsdiqləyir ki, bütün sahələrdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini beynəlxalq arenada möhkəmləndirməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət yetdirdi. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib.
Cənub Qaz Dəhlizi dünyanın ən nəhəng layihələrindən biridir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. İqtisadçıların hesablamalarına görə, ölkəmiz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan milyardlarla dollar gəlir əldə edəcək. Bu da ölkəmizin valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artması, iqtisadi imkanlarının daha da genişlənməsi deməkdir.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi