• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır

  • 08.02.2022, 20:00, Baxış sayı:
  • 487
Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Azərbaycanla Avropa arasında yeni bir səhifə açdı.
Məlumdur ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qazın ixracına başlayıb və geridə qalan bu bir il ərzində Azərbaycan Avropa üçün sabit qaz tədarükçüsü qismində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Cənab Prezident İlham Əliyevin də dediyi kimi dəyəri 33 milyard ABŞ, dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Bu layihə həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfəsini vermişdir.
Keçən bir il ərzində Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırmağa müvəffəq olub. Belə ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da təqribən 8,5 milyardı Türkiyəyə, 7 milyard kubmetri İtaliyaya, yerdə qalan hissəsi isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Azərbaycanın Avropanın qaz tədarükçüsü qismində əldə etdiyi nailiyyətlər təbii olaraq hər gün daha çox Avropa ölkəsinin Cənub Qaz Dəhlizinə marağının artmasına səbəb olur. Cənub Qaz Dəhlizini əhəmiyyətli edən ən vacib məqamlardan biri də onun alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması ilə bağlıdır. Həmçinin yeni perspektiv qaz mənbələrinin kəşf edilməsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyatları Avropa üçün Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Yəni başqa sözlə desək Avropa Azərbaycanı özünün enerji təhlükəsiziliyini təmin edən etibarlı tərəfdaş və strateji partnyor kimi görür və bunda da haqlıdır. Belə ki, bu gün Azərbaycanın isbat edilmiş qaz ehtiyatı təqribən 2,6 trilyon kubmetrə bərabərdir və bu hələ son rəqəm deyil. Məsələn ən böyük yataq olan “Şahdəniz” yatağındakı ehtiyatlar - bir trilyon kubmetr olaraq dəyərləndirilir. Amma texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə bu yatağın qaz ehtiyatlarının artacağını da proqnozlaşdırmaq mümkündür. Belə ki, xatırlayırsınızsa Azəri-Çıraq-Günəşli yatağının ehtiyatları ilkin mərhələdə 500 milyon olaraq dəyərləndirilmişdi amma bu gün görürük ki, onun potensialı artıq 1 milyardı ötüb. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qazın hasil olunacağı gözlənilir. Əlavə olaraq 200 milyard kubmetrdir ehtiyata malik “Ümid”, 400 milyard kubmetr ehtiyata malik “Babək”, “Asiman”, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq.
Bütün bu sadalananlar Avropa bazarında Azərbaycan qazına olan müştərilərin sayını artırır. Başqa sözlə Avropa öz enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş qismində çıxış edən Azərbaycana xüsusi önəm verir. Düzdür, hələlik faiz baxımından ölkəmizin Avropa bazarında Azərbaycan qazının payı elə də böyük deyil. Ancaq yeni-yeni yataqların kəşf edilməsi, üstəgəl gələcək perspektivdə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan üzərindən nəqli gələcəkdə Şərqi və Cənubi Avropa ölkələrinin tələbatının əsasən Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilməsinə imkan verəcək.
Toplantıda diqqət çəkən digər bir vacib məqam isə Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin ixrac potensialı ilə bağlı oldu. Öz çıxışında ölkə başçısı bildirdi ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var və biz bəlkə də bir az da uzağa, Avropaya qədər gedə bilərik. Doğurdan da bu gün Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Hal-hazırda dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Avropada isə enerjiyə olan tələbat hər gün daha sürətlə artır. Bu isə təbii olaraq enerji daşıyıcılarının idxalını artırır. O baxımdan gələcəkdə Avropaya həm də elektrik enerjisinin ixracı istisna olunmur. Çünki ölkəmizdə yerli və xarici investorlar hesabına həyata keçirilən bir sıra layihələr istehsalın daha da artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində daxili tələbatı ödəməklə yanaşı, daha çox elektrik enerjisi ixrac etməyə imkan verəcək.

Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter