Azərbaycan xalqının çoxəsirlik tarixi əlamətdar hadisələrlə çox zəngindir. Lakin etiraf etməliyik ki, son iki yüz illik tariximizdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən bir il bir ay keçsə də, istər ölkəmizdə, istərsə də ölkəmizdən çox-çox uzaqlarda hələ də danışılır, müzakirələr və tədqiqatlar aparılır. Əminik ki, əsrlər keçəcək əsrin müharibəsi sayılan Vətən savaşımızın Zəfər salnaməsi başqa xalqlar üçün də qəhrəmanlıq dastanı kimi örnək olacaq. Ərazi bütövlüyümüz bərpa olduqdan sonra, Azərbaycan ictimaiyyəti qardaş Türkiyə, eləcə də, dünya azərbaycanlıları və Azərbaycanın dostları hətta dövlət orqanları rəsmi elan etməzdən öncə sonsuz sevinc gətirmiş bu ZƏFƏRin Azadlıq meydanında təntənə ilə paradla qeyd edilməsini gözləyirdi və səsləndirirdi. Xalq səbirsizliklə AZADLIQ meydanında bu ZƏFƏRi qazanan Qəhrəman və Müzəffər Milli Ordunun qüdrətini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın xalqa və dünyaya müraciətini gözləyirdi. Bu paradda bütün xalq Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Çünki bu, həqiqətən də möhtəşəm bir tarixi hadisə idi və xalqımız bu şərəfli və qürurlu tarixin şahidi idi.
Bu mənada 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin də iştirakı ilə keçirilmiş ZƏFƏR paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Sözsüz ki, ölkəmizin bütün siyasi elitası, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də paradda iştirak etmişdilər. Həmin gün bütün dünya mediası da ZƏFƏR paradını izləyirdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də müharibə zamanı erməni ordusundan ələ keçirilmiş qənimətin, hərbi texnikanın bir qismi də nümayiş etdirilmişdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsində olduğu kimi, parad vaxtı da ölkəmizin bütün ictimai-siyasi qüvvələri bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın əvəzedilməz Liderinə olan inam, etimadın və onun ətrafında sıx birliyinin göstəricisi idi. Paradın qürurvericiliyi bir də onda idi ki, bütün müharibə boyu eləcə də parad vaxtı ölkəmizin bütün bölgələri xalq tərəfindən Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. ZƏFƏR paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi. ZƏFƏR paradı ictimaiyyət tərəfindən Qardaşlıq Zəfərinin rəmzi də adlandırılırdı. İki qardaş ölkənin LİDERLƏRİNİN paradı birgə qəbul etməsi və onların möhtəşəm çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. Bu mənada 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm ZƏFƏRƏ həsr olunmuş parad Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzinə çevrildi.
Bu sarsılmaz dostluğu möhtərəm Prezidentimiz İlham Əliyev 2020- ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında belə ifadə edib: “Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk.” Rəcəb Tayyib Ərdoğanın “Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir” fikri də eyni amal uğrunda mübarizə aparan xalqlarımızın, beynəlxalq aləmdə də bir yumruq kimi birləşən ölkələrimizin dostluğunun necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində göstərdiyi prinsipial mövqe, bu mövqeyə qardaş Türkiyənin qeyd-şərtsiz dəstəyi, mənəvi hamiliyi, ay-ulduzlu bayraqlarımızın hər zaman, hər yerdə birgə dalğalanması gücümüzə güc, ruhumuza ruh qatdı, Azərbaycan insanını özünə inandırdı. Bu birlik böyük Qələbəmizi şərtləndirdi. Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun istər Türkiyədə, istərsə də beynəlxalq təşkilatlarda, bütün səfərlərində açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır.” fikirləri dünyaya, xüsusən təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə mesaj idi.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad
şəhər tam orta məktəbinin müəllimi