Türkiyə-Azərbaycan dostluğu möhkəm təmələ əsaslanır
- 14.06.2021, 17:08, Baxış sayı:
- 447
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Vətən müharibəsi 44 gün davam etsə də, onun nəticəsi, Azərbaycanın hərbi-siyasi qələbəsi min illərlə danışılacaq. Vətən müharibəsi ərazi bütövlüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası istiqamətində göstərilən şücaəti, eyni zamanda, kimin kim olduğunu, kimin dostun, kimin düşmənin yanında olduğunu nümayiş etdirdi. Bu həlledici məqamda yenə də Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqətdə oldu. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”.
Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim faktlar əsasında diqqətə çatdırır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda, güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda atılan ciddi siyasi addımlar hesab edilir.
Nurlana XƏLİLOVA,
Balvar kənd tam orta
məktəbinin tarix müəllimi