2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günün hər günü şanlı tarixə çevrilən Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı tarixə, qəhrəmanlıq salnaməmizə əbədi həkk edildi. Artıq hər il Azərbaycanın milli-azadlıq hərəkatının başladığı Azadlıq meydanı ölkəmizin hərbi qüdrətinə, dövlətimizin ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafına şahidlik edəcək.
3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı ordumuzun, dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulması sevincinin, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin dünyaya təcəssümü oldu.
Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq...”. Haqq, ədalət savaşından qalib çıxan ölkəmizin Prezidenti İlham Əliyevin bir il əvvəl Zəfər paradının tribunasından səsləndirdiyi bu sözlər Azərbaycan xalqının səbrinin, qəhrəmanlığının daha bir təsdiqi idi.
Bəli, bütün dünya döyüşlər gedən 44 günün hər anın, şanlı tarixin, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu işğala son qoydu, ədalət zəfər çaldı.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu parad həm də işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədə həlak olan şəhidlərin, itkin düşən hərbi qulluqçunun, qazilərin, habelə bir əsrdən çox davam edən erməni vandalizminin qurbanlarının yad edilməsinin, Onların qisasının yerdə qalmadığının nümayişidir.
44 günlük Vətən müharibəsində döyüş meydanı ilə yanaşı, siyasi arenada da qələbələr qazanan 30 ilə yaxın müddət ərzində Zəfər gününü gözləyən Azərbaycan xalqı Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bütün dünyanın şahidi olduğu Azərbaycanın şanlı qələbəsi əslində ədalətin, milli ləyaqətin, qürurun təntənəsi idi.
Nurağa Rüstəmov,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən Müharibəsi iştirakçısı