• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadın küçələrində DİLƏNÇİLƏR... NƏ ETMƏLİ?!

  • 30.11.2021, 10:18, Baxış sayı:
  • 361
Sabirabadın küçələrində DİLƏNÇİLƏR... NƏ ETMƏLİ?!
Bu ictimai bəlaya qarşı mübarizədə ictimaiyyət fəal olmalıdır.
Azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların hisslərinə təsir etməkdir.
Son zamanlar Sabirabadda dilənçilərin sayında artım müşahidə olunur. Əvvəllər daha çox bazarda azyaşlıların dilənməsi halları çoxluq təşkil edirdisə, hazırda dilənçilik bazarlarla yanaşı, ticarət mərkəzlərində, restoran və şadlıq evlərinin qarşısında, parklarda vüsət alıb. Dilənçilərin yaşında da fərq nəzərdən qaçmır. Belə ki, əvvəllər əsasən azyaşlılar dilənirdisə, hazırda daha çox 18-60 yaşlı qadınlar dilənçilik edir.
Çox təsiredicidir ki, nəinki yeniyetmələr, hətta dilənən körpə uşaqları görürük. Amma gəlin belə deyək ki, onların bəzilərinin qaraçı tayfalarından olduğu açıq-aydın bilinir. Bu onların simalarında, geyim tərzlərində, hətta onların özünəməxsus çağırışlarında öz əksini tapır.
HAŞİYƏ:
Qaraçılar kimlərdir?
Azərbaycanda yaşayan azsaylı xalqlardan biri də qaraçılardır. Ölkəmizdə XX əsrin 20-ci illərində köçəri çadırlarda yaşayan qaraçılar türk sözlərinin qarışığı ilə tat dilində danışırdılar, sayları 2 min nəfərə çatsa da onların əksəriyyəti çoxdan türkləşmiş və Azərbaycan türklərinə qarışmışdı.
2017-2019-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 12 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Farsdilli Qaraçılar Balakən rayonu ərazisinə I Şah Abbasın hakimiyyəti dövründə köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Əsasən Şambulbinə, Gülüzanbinə, Məlikzadə kəndlərində yaşayırlar. Özlərini pars adlandıran bu qrup həmçinin Qax rayonunda məskunlaşmışdır. Rayonun Qapıçay kəndi əhalisi 1 ailə istisna olmaqla tamamilə, Güllük kəndində isə təxminən 20 ailə farsdilli qaraçılardan ibarətdir.
Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin 50–60–cı illərində Qazaxıstandan köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən Yevlax rayonu olmaqla həmçinin Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı, Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə yaşayırlar. Yevlax rayonunda yaşayan qaraçıların sayı 2.563 nəfərdir və əsasən Yevlax şəhərində məskunlaşıblar.
Ancaq qaraçıların adı çıxıb... Çox vaxt dilənənlər içərisində başqa rayonlardan gələnlər də olur. Çoxu da əməkqabiliyyətli insanlar. Bunların əksəriyyəti gənc, gücü, qüvvəti yerində olan insanlardır. Hətta bu günlərdə azyaşlı övladı ilə dilənən bir qadına “niyə işləmirsiz” deyəndə bizə təəccüblə baxdı. Utanıb çəkinmədən dedi ki, dilənmək daha yaxşıdır. Demək ki, dilənməklə daha çox gəlir əldə edə bilir və bu vəziyyətindən razıdır.
“Dilənçiyə pul vermək və ya verməmək” düşüncəsi yeni deyil, çünki problem köhnədir. Məsələn, Osmanlı İmperiyasında dilənmək qanunlara zidd idi. Lakin yeniçərilərə bağlı bir dilənçi başçısı var idi. Dilənçinin "sertifikat kağızı" ilə dilənçilik vizası alanları yoxlayarkən, dilənçi pəhləvanları bölgələrindəki dilənçilərdən aldıqları xəracın hesabına yaşayırdılar.
Dilənçinin gözündə biz kimik? İngilis ədəbiyyatında buna “passer by” deyilir ki, bu da “yoldan keçən” deməkdir. Dilənçilər onlara “yoldan keçən” deyirlər və bu insanları potensial yardım mənbələri kimi görürlər.
Dilənçilik sosial problemdir. Şəxsi deyil. Əslində bir dilənçiyə pul vermək dilənçilərin sayının artmasına şərait yaradır. Verilən hər pul daha çox dilənçiliyə səbəb olur və gənc yaşda dilənməyə məcbur olan insanlar “istehsal edir”.
Sabirabadda ən çox özünü iş qabiliyyəti olmayan göstərərək, ibadət edənlərin hisslərindən sui-istifadə edərək, xəstəlik kağızı ilə dilənirlər.
Təəssüf ki, biz tez-tez Sabirabad şəhərinin küçələrində belə halların şahidlərinə çevrilirik və bu cür arzuolunmaz vəziyyət bütövlükdə xalqımızın ictimai nüfuzuna xələl gətirir. Çünki onları yalnız biz deyil, həm də rayonumuza təşrif gətirən xarici qonaqlar da görürlər və bu da bütövlükdə rayon haqqında yaranan yüksək təəsüratları kölgədə qoyan amildir. Bəli, qaraçı problemi bütün dünyada mövcuddur və dilənçilik, küçə falları və s. kimi halların qarşısı alınmasa, bu qarşıdakı vaxtlarda sosial problemlər qismində daha da arta bilər. Bir çox mənbələrdə qaraçıların əsas iş prioritetlərinin məhz dilənçilik, küçə falçılığı olduğu bildirilir. Amma bu o demək deyil ki, onlara bunun üçün şərait yaradılmalıdır. Əsla belə deyil və olmaz. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa, rayon hüdudlarından çıxarılmalıdır. Çünki həmin insanlar faydalı əməklə məşğul olmayaraq dilənçilik edirsə, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirlər görməlidirlər. Əks halda, həmin dilənçilər ictimai qaydaların pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Onların fəaliyyəti həm də oğurluq, cibgirlik tipli halların artmasına səbəb olur. Ümumiyyətlə, bu problemin köklü həll olunması istiqamətində qəti qərarların verilməsi vacibdir.
Ancaq qeyd etdiklərimizlə yanaşı, biz ümumən qaraçılara aid olmayan şəxsləri, xüsusən də azyaşlı uşaqları, qadınları da mərkəzi küçələrdə, böyük marketlərin girişində və s. ictimai yerlərdə görürük. Bu da əlbəttə ki, problemin digər tərəfidir. Yəni dilənçiliklə yalnız qaraçılar məşğul olmurlar.
Yəqin ki, çoxlarınız müxtəlif yerlərdən eşitmisiniz ki, bu gün heç bir qanun çərçivəsinə sığmayan dilənçilik biznesi mövcuddur və bu biznes müəyyən qaranlıq dairələr tərəfindən idarə edilir. Təsəvvürünüzə gətirin, bahalı avtomobil bir neçə dilənçini əvvəlcədən təyin olunmuş ünvanlara gətirir və onlar günün pik saatlarında əl açıb dilənməklə məşğul olurlar. Gün ərzində yığdıqları gəlirləri isə axşam saatlarında onlara nəzarət edən insanlara verirlər, müəyyən faizləri isə qazanc olaraq götürürlər. Həmçinin, bu gün günümüzün ən ağrılı problemlərindən birinə çevrilən narkoticarət faktorları da belə insanlar vasitəsi ilə həyata keçirilir. Bu, bir cinayətkar şəbəkədir, yaxud şəbəkələrdir və belə şəbəkələrin çox ciddi qaydada araşdırılaraq ifşa olunması artıq bir tələbə çevrilməlidir. Belə mühitdə böyüyən uşaqlar gələcəyin potensial cinayətkarları, qatilləri, narkomanlarıdırlar. Yəni sonradan belə arzuolunmaz, hətta bəzən kiçik görünən hallar həqiqətən də qarşısıalınmaz problemlərə çevrilməyə başlayır. Bu işdə ümumi ictimai dəstək göstərmək lazımdır və bənzər hallarla qarşılaşdığımız zaman dərhal müvafiq orqanlarla əlaqə saxlanılmalıdır.
Müşahidələr göstərir ki, azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların hisslərinə təsir etməkdir. Adətən küçədən keçənlərə ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması onları dilənçiliyi həyat tərzinə çevirməyə, zəhmətsiz yaşamağa həvəsləndirir. Əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq.
Ancaq kimi dindirsən deyir, polis hara baxır? Belə insanlardan soruşmaq lazımdır ki, bəs sən hara baxırsan? Bu işdə ictimaiyyət də fəal iştirak etməlidir. Bu ictimai təhlükəsizlik qaydalarının pozulmasıdır. İnzibati xətalar məcəlləsində buna aid maddə var. Bu cinayət tərkibli əməl deyil, inzibati xətadır. Az əhəmiyyətli hüquq pozuntusu sayılır.
Polis öz işini görür, vaxtaşırı tədbirlər həyata keçirib dilənçilərə qarşı mübarizə aparır. Polis dilənçilik edənləri bölməyə aparır, protokol yazır, cərimələyərək buraxır.
Cərimələyəndən bir müddət sonra görsənməsələr də, yerlərini dəyişib əməllərinə davam edirlər. Bu ictimai bəlaya qarşı mübarizədə ictimaiyyət fəal olmalıdır. Cəmiyyət özü mədəni formada mübarizə aparmalı, dilənçilərə pul verməməlidir. Kiminsə yanında dilənən uşaq görəndə bir maraqlanmaq lazımdır ki, öz uşağıdır, yoxsa başqasınındır. Polisə məlumat vermək, daha diqqətli olmaq gərəkdir. Yeri gəldiyində tənbeh etmək, ictimai qınaq formalaşdırmaq lazımdır. Mən günahı o dilənçilərə pul verən insanlarda görürəm. İctimaiyyətdə loyallıq var. Mənim nəyimə lazımdır?, - deyə düşünürlər. Unutmayaq ki, İCTİMAİ QINAQ HƏR ŞEYDƏN - bütün təsir vasitələrindən GÜCLÜDÜR.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter