Son illər Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Sabirabadda da müasir tipli geniş profilli xəstəxana tikilib. Bəzi kənd xəstəxanaları yenidən qurulub. Mərkəzi Xəstəxana dünyanın müxtəlif ölkələrindən gətirilən müasir tipli tibbi avadanlıqlarla təchiz edilib. Xüsusən qurulan tibb avadanlıqları müayinə ilə yanaşı, bəzi cərrahiyyə əməliyyatlarının da aparılmasına imkan verir.
Buna baxmayaraq, rayonda yaşayan əhali müayinə və yaxud əməliyyat olunmaq üçün kütləvi şəkildə Bakıya axışır. İnsanlarla söhbətimizdən məlum olur ki, hətta əlavə vəsait sərf etmələrinə baxmayaraq, Bakıda müayinə və müalicə olunmağa üstünlük verirlər. Səbəbini isə peşəkar kadr qıtlığı ilə və həkim çatışmazlığı ilə əlaqələndirirlər.
Araşdırma zamanı məlum oldu ki, Sabirabadda mövcud olan tibb ştatlarının 216-sı boşdur, yəni 72 həkim, 144 orta tibb işçisi çatışmır. Həkimlərin bir hissəsi təqaüdçüdür. Naəlac qalınıb yaşlı həkimlər işdə saxlanılır. Rayon xəstəxanasında fəaliyyət göstərən 6 şöbədən 3-nün müdiri xeyli yaşlıdır.
Rayonda İşləməyə
maraq olmalıdır
Rayon səhiyyəsində ciddi kadr qıtlığı var. Bir çox İxtisas üzrə belə həkim yoxdur. Adının çəkilməsini istəməyən gənc həkimlərdən biri deyir ki, “Təəssüf ki, həkimlər, müəllimlər, mühəndislər, hətta kənd təsərrüfatı mütəxəssislərinin də böyük bir qismi rayonlara getmək istəmir. Hamı istəyir Bakıda çalışsın”.
Həkim hesab edir ki, rayonda gənc mütəxəssislər üçün şərait yaradılmalıdır. Onlara torpaq, ev verilməli, maaşları Bakıda işləyənlərdən çox olmalıdır. “Rayonlara gəlməməklərinin başlıca səbəblərindən biri də Bakıda bir deyil, bir neçə yerdə işləmək mümkünlüyüdür. Həkimlərin dövlət xəstəxanaları ilə yanaşı, özəl müəssisələrdə də çalışmaq imkanları olur. Kənd yerlərində isə belə imkan yoxdur və ona görə də rayona maraq azdır”.
Həkim çatışmazlığı
regional problemdir
Səhiyyə nazirinin müavini Rahim Əliyev mətbuata açıqlamasında regionlarda həkim çatışmazlığı probleminin olduğunu təsdiqləyib. O bildirib ki, regionlardakı həkim çatışmazlığı probleminin həlli üçün ötən il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib: "Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib. Həkimlərin regionlarda işləməsi üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular. Belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik. Hələ ki, bu tədbirlər təsdiqlənməyib".
R.Əliyev bildirib ki, bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər: "Kimsə müddət bitdikdən sonra orada qalıb işləyir, qalmaq istəməyəni isə buna məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma rezidenturanı yeni bitirənlər həmin bölgələrə göndərilir".
Tibb elmləri doktoru Adil Qeybulla da sözügedən problemin həllini regionlarda işləyən həkimlər üçün xüsusi sosial müdafiə tədbirlərinin həyata keçirilməsində görür: “Həkimlərimizin mütləq əksəriyyəti həqiqətən də Bakıda və digər iri şəhərlərdə cəmləşib. Bu da ondan irəli gəlir ki, paytaxtda və bir neçə iri şəhərimizdə həyat səviyyəsi rayon yerlərinə nisbətən yüksəkdir. Kənd və rayon yerlərində isə həkimlər üçün şərait yetərincə deyil”.
“Ona görə də regionlarda həkim çatışmamazlığını aradan qaldırmaq üçün həkimlərlə bağlı xüsusi sosial müdafiə tədbirləri həyata keçirilməlidir. Belə olarsa, rayon yerlərində də işləmək həvəsində olan həkimlərin sayı artacaq. Yəni elə etmək lazımdır ki, həkim regionlarda da işləməyə həvəs göstərsin. Bunun üçün onlara münasibətdə müəyyən güzəştli tədbirlər görülməli, belələrinə maaş başqa cür təyin edilməlidir. Bu kimi tədbirlər onları kənd yerlərində də işləməyə stimullaşdıra bilər. İkinci bir tərəfdən, səhiyyəni elə bir sistemə çevirməliyik ki, regionlarla mərkəz arasında peşəkarlıq səviyyəsində fərqlər olmasın. Bu isə həm icbari tibbi sığortanın normal tətbiq edilməsindən, həm də həkimlər üçün bərabər şəraitin yaradılmasından keçir. Belə olarsa, hansısa bir həkimin rayondan durub şəhərə gələrək burada işləməyə həvəsi olmayacaq”.
Tibb üzrə fəlsəfə doktoru Aydın Əliyevin fikrincə, regionlarda həkim azlığı məsələsinin həllinə nail olmaq üçün dövlət proqramına ehtiyac var: “Regionlarda həkim çatışmamazlığı məsələsinin həlli çoxsahəlidir. Problem dövlət proqramları əsasında öz həllini tapa bilər. Bu ildən tətbiq edilən icbari tibbi sığortanın inkişafı fonunda bir müddətdən sonra regionlarda həkim çatışmazlığı problemi də əsasən aradan götürüləcək. Tibbi sığorta səhiyyədə elmi və inqilabi hadisədir. Ancaq onun tam oturuşması müəyyən zaman tələb edir. Bütün hallarda tibbi sığortanın tətbiqi yekunda regionlar üzrə həkim çatışmamazlığı problemini də aradan qaldıracaq”.
Regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün artıq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
“Regionlara həkimləri ezam etmək niyyətindəyik”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev brifinqdə deyib.
"Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə, onların da buna maraqları var".
İ.DƏMİRQAYA