Cəmiyyət belələrinə aşırı nifrət edir, onların qanun qarşısında cavab verəcəkləri günü gözləyir!
Siyasi mübarizəni şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək, ilk növbədə, milli-mənəvi əxlaq dəyərlərimizi ayaqlar altına atmaq anlamını daşıyır. Bunu edənlər isə bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividentlər qazanmağa cəhd edən “liderlər” və onların “beşinci kolon” nümayəndələridirlər ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını sanırlar. Amma bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bilirlər ki, sərgilədikləri hərəkətəri sağlam düşüncəli rəy tərəfindən ən sərt şəkildə və hiddətlə qınanılır. Daha doğrusu, söyüş müxalifəti deyilən ucuz yığnaq, bu yolla üzləşdikləri məğlubiyyətlərini əslində etiraf etmiş olurlar. Yəni, siyasi rəqiblərinə tərəf nə qədər çox söyüşlərə, həqarətlərə, küfrlərə yol verirlərsə, bir o qədər də məğlub olduqlarını etiraf edirər.
Azərbaycan dövlətinə qarşı aparılan bütün qarayaxma, söyüş və təhqir kampaniyaları son nəticədə ağır fiaskoya uğrayıb, kampaniyanı təşkil edənlərin çirkin məqsədləri dəfələrlə ifşa olunub. Çünki Azərbaycan cəmiyyəti Avropada oturub, “Facebook”, “Youtube” və s. sosial şəbəkə vasitələri ilə hər gün canlı yayımlar etmək kimi öhdəliyi olanların xəyanətkar davranışlarına heç vaxt dəstək verməyib. Bu vaxta qədər hansı yalanlarla çıxış ediblərsə, son nəticədə ifşa olunaraq rüsvayçı vəziyyətə düşüblər. Cəmiyyət üçün artıq hər şey aydındır: bu cinayətkar dəstənin üzvləri yalnız xarici xüsusi xidmət orqanları qarşısında deyil, eləcə də erməni lobbisinin pulları qarşılığında (!) öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin oyunlar qurur, ölkəni qarşıdurmalara, qeyri-sabitliyə çəkməyə çalışırlar.
Lakin belələri unutmamalıdırlar ki, özlərinə rəva görmədikləri söyüşləri başqalarına qarşı tətbiq edirlərsə, bunun hüquqi tərəfləri də var. Belə ki, bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan da dünyada beynəlxalq konvensiylara və hüquqi prinsiplərə daim əməl edən dövlət kimi tanınır. Hər bir Azərbaycan vətəndaşı vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və hər bir şəxs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Bəli, bu gün xarici ölkələrdə, necə deyərlər, “şirə, pələngə” dönən söyüş dağarcıqları da var ki, onlar onsuz da, Azərbaycanın dövlətçilik maraqlarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər və düşünürlər ki, “siyasi sığınacaq” aldıqları hər hansı Avropa ölkəsində oturub, sosial şəbəkələr vasitəsi ilə dövlətinin mövqeyini qoruyanları çirkin söyüş hədəflərinə tuturlarsa, onların bu əməlləri cavabsız qalacaq və s. Bu, heç də belə deyil, çünki beynəlxalq konvensiyalar və qanunlar mövcuddur, zamanı çatanda hər kəs haqq etdiyi cəzasını mütləq alacaq...
Bəlkə də bu tipli ünsürlərə, ictimai-siyasi tör-töküntülərə söyüş müxalifəti demək də doğru deyil. Çünki normalda əsl müxalifət, sivil müxalifət belə olmur. Yəni “şüarları”, “ideologiyaları” söyüşdən ibarət olan ünsürləri müxalifət adlandırmaq, onları ciddiyə almaq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: TERRORÇU! Onlar hal-hazırda da, siyasi, mənəvi və qisasçı terrorçuluqla məşğuldurlar. Düzdür, onları Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə saymaq da olmaz. Ancaq unutmamalıyıq ki, milçək murdar olmasa da, ürək bulandırır. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!
“Siyasi mühacir”, “dissident” adı altında və onlara radikal müxalifət partiyalarının “liderləri” tərəfindən verilmiş saxta sənədlərlə Avropa ölkələrinə bit-birələrtək daraşmış bu cinayətkar çetelər söyüş söyməklərində olsunlar...
Azərbaycan isə Şanlı Qələbəsinin işığında inamla addımlayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan regionda yeni reallıq yaradaraq, dünyanın siyasi xəritəsində öz statusunu və rolunu artırıb. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”