“Narkomaniyaya meylli gənclərin çoxu ya “patı”, ya da “şüşə” çəkir – Keçmiş sabirabadlı narkomanla MÜSAHİBƏ
“Patı” şüşə tərkibli sintetik narkotikdir. “Patı” və “şüşə”nin əsl adı metamfetamindir. Maddə bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və nəticədə öldürür.
Son aylar "patı" mövzusu həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bəs, gəncləri zəhərləyən, onları öz qurbanına çevirən bu "patı" nədir? İnsanı necə məhv edir? Təəssüf ki, metamfetamin olan bu narkotik maddənin istifadəçiləri durmadan artır. Ən pisi odur ki, istifadəçilər arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir.
Metamfetamin (istifadəçiləri arasinda şüşə və ya patı kimi adlanan) dünyanın ən populyar narkotik psixostimulyatorlarından biridir. Elmi adı N-metil-alfa-metilfeniletilamindir. Yaponiyada ilk dəfə Orta Asiyanın və Qərbi Sibirin dağlıq bölgələrində sərbəst böyüyən Ephedra kolunun tərkibində olan psixoaktiv zəhərli alkaloid olan efedrindən sintez olunduğu 19-cu əsrin sonlarından bəri məlumdur.
Ötən əsrin axırlarında aşkar edilmiş mənfi keyfiyyətlərə görə metamfetamin dünyanın əksər ölkələrində rəsmi olaraq təhlükəli bir dərman olaraq qəbul edildi. Xüsusilə, SSRİ-də istehsalı qadağan edildi və 1975-ci ildə farmakopeyadan çıxarıldı.
Odur ki, bu gün narkotik aludəçiləri əksər hallarda tamamilə keyfiyyətsiz çıxan müxtəlif sintetik qatqılardan istifadə etmək məcburiyyətində qalırlar.
Artıq uyuşdurucu vasitələrin satışı onlayn həyata keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının işini bir qədər də çətinləşdirir.
Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri narkotik vasitələrin, xüsusilə də kimyəvi tərkibli narkotik təsirlərə malik həblərin çox ucuz qiymətə və açıq şəkildə satılmasıdır. Sosial şəbəkələrin Azərbaycan seqmentinin aktiv iştirakçıları statuslar paylaşaraq qeyd edirlər ki, Azərbaycanda onlayn şəkildə, əsasən də “Instagram” vasitəsilə “patı”, “şüşə”, “Metamfetamin”, “Tramadol” kimi psixotrop maddələr satılır – həm də çox ucuz qiymətə - 3-5 manata. Rayonlarda, kəndlərdə bu vasitələrdən istifadə edənlərin sayında kəskin artım olduğu barədə həyəcan təbili çalınır. Uyuşdurucu tərkibli dərman istifadəçilərinin əsasən gənclər, hətta məktəblilər olduğu iddia edilir. Bəziləri isə bildirirlər ki, sözügedən psixotrop maddələr xaricdən gəlmir, məhz Bakıda “istehsal” edilir, qiymət də ona görə ucuzdur.
“Patı” şüşə tərkibli sintetik narkotikdir. “Patı” və “şüşə”nin əsl adı metamfetamindir. Maddə bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və nəticədə öldürür.
Təbii olaraq, narkomanlar haqqında nə qədər araşdırma aparılsa da, onların özlərini necə hiss etdiklərini tam olaraq bilə bilmərik. Məhz bunu müəyyən qədər öyrənmək üçün vaxtilə bu bəlaya düçar olmuş şəxslərdən biri ilə söhbətləşmək qərarına gəldik.
Müsahibimizin 36 yaşı var. 8 il əvvəl bu bəlaya düçar olanlardandır. İndi uzaqlaşdığını deyir. Sabirabad şəhərində telefon təmiri emalatxanasında çalışırmış. Əlinə karrıca pul gələndə yolunu azır. Məclislərin birində tanıdığı uşaqlar ona heroin veriblər. O da tərəddüd etmədən dadına baxmaq istəyib. Hər şey də bundan sonra başlayıb.
“İlk vaxtlar ancaq “burun gedirdim”, yəni, damara vurmurdum. Hər dəfə söz verirdim ki, bir də etməyəcəm. Ancaq üstündən bir neçə gün keçəndən sonra yenə o həzzi yaşamaq istəyirdim.. Çoxları deyir ki, “mal”dan istifadə etməyəndə ağrılar olur. Biz buna “lomka” deyirik. Amma ağrılar 9-10 gün davam edir. Əsas psixoloji asılılıqdır. Bundan qurtarmaq çətin olur. Təsəvvür edin, hər dəfə onun adı çəkiləndə, yaxud bunu birgə elədiyin adamları görəndə yenə köhnə günlərinə qayıtmaq istəyirsən. Adətən, elə qayıdırsan da...
Bir dəfə dedim daha etməyəcəm. Gedib bir müddət müalicə olundum. Amma qayıdandan bir neçə gün sonra yenə həmin dəstəyə qoşuldum. Asılılıq artdıqca doza da artırdı. Artıq pul çatdıra bilmirdim, ona görə də başladım qohum-əqrabadan borc almağa. Sonra tanış-tunuşlara keçdim. Borcum o həddə çatdı ki, artıq heç kim pul vermirdi. Işdə və evimdə olan nə qiymətli əşya var idisə dəyər-dəyməzinə satdım...”.
Müsahibimiz evli idi, iki övladı var idi. Bir neçə aydan sonra borc yiyələri evlərinə ayaq açır. Söyüş-təhqirlərdən cana doyan həyat yoldaşı bezib ondan ayrılır. Narkomanı borc sahibləri məhkəməyə verir. Ona qısa müddətdə pulları qaytarmadığı təqdirdə həbs olunacağı bildirilir. O isə çarəsiz durumda olduğundan paytaxtda gizlənir. Zavodların birində fəhləlik edir, yaşayış yeri olmadığından elə həmin zavodda da qalır.
“Artıq keçmiş günlərimə görə utanıb, xəcalət çəkirəm. Özümü yenidən təsdiq etmək üçün bütün gücümlə çalışıram. Tez-tez məktəbli uşaqlarımın yanında oluram. Onu bilirəm ki, əvvəlki hörmətimi-nüfuzumu qaytarmaq üçün çox işləməliyəm”.
Müsahibimiz narkomaniyanın yaşıdları, gənclər və yeniyetmələr arasında yayılmasından ürək ağrısı ilə danışdı:
- İndi narkomaniya çox yayılıb. Çünki yeni narkotik maddələr, psixotrop maddələr çıxıb. Gənclərin çoxu indi ya “patı” ya da “kakos” çəkir. Onların çoxunu aldadırlar ki, burda problem yoxdur. Damara vurmursan ki, sadəcə çəkirsən. Amma “kakos” və “patı”nin asılılığı daha dəhşətlidir. 1-2 ay çəkəndən sonra artıq damarını deşmək məcburiyyətində qalırsan. Çünki “doza” artdıqca pul çatdıra bilmirsən. Məsələn, biri var ki, 30 manat verib yarım qram “kakos”u çəkəsən, bir də var 10 manat verib 1 “çet”(0.25) alıb damara vurasan. İndiki gənclər bax belə tələyə düşür.
Sağ olsunlar alicənab insanlar mənə kömək etdilər ayaq üstə durmağa. Hər bir şəxs gəncləri bu girdabdan xilas etməyə əl uzatmalıdır.
- Söhbət etdiyim bəzi yaşlı şəxslər deyirlər ki, oturub-durduğumuz, üz-üzə əyləşdiyimiz adamların narkoman olmasından çox vaxt xəbərimiz olmur.
- Boş söhbətdir. Narkomanı tanımağa nə var ki... Qoy onun “lomka”sı gəlsin, görüm özünü necə gizlədir? Əgər kimsə “mal” vurubsa, o bunu heç vaxt gizlədə bilməz. Hərəkətlərindən, danışığından dərhal bilinəcək. Ola bilər, elə insanlar var ki, ümumiyyətlə, bu barədə heç nədən xəbəri yoxdur. Bəlkə onlar bilməz. Məsələn, narkomanı “trixat” (titrəmə) tutanda elə bilər ki, yəqin ona soyuqdur, yaxud “taskalayanda” (eyforik vəziyyətdə başı ləngər vuranda) düşünər ki, yəqin yetim o qədər işləyib ki, yorulub yuxulayır. Amma belə şeylərdən az-çox xəbəri olanlar dərhal biləcək ki, qarşısındakı bu adam narkomandır.
Müsahibimizə eşitdiyimiz, ancaq inanmadığımız bir sual da verdik:
- Narkomanlarla bağlı bəzən ağıla sığmaz söhbətlər nəql edilir. Doğrudanmı bu xəstəliyin daşıyıcısı olan şəxs ehtiyacını ödəmək üçün anasından, bacısından, həyat yoldaşından keçməyə hazır olur?
- Elələri də olur... Onlara “konçennıy narkoman” deyirlər. Bu tip narkomanlar 1 “çet” “mal”a görə hər şey edərlər. Bilirsiniz, bu zibil adamın şəxsiyyətini məhv edir. Pulu olanlar özlərini az-çox qoruya bilir. Vay o gündən ki, narkoman olasan, pulun olmaya...
- Həkimlər deyirlər ki, narkomanlar üçün orta ömür olmur. Heç narkotikadan əziyyət çəkənlər arasında 70-80 il yaşayan olur?
- Mən 80 yaşında narkoman görməmişəm. Ola bilər ki, bəlkə tərgidib və sonra həmin yaşda yenidən başlayıb. Narkomanlar daha çox “peredoz”dan ölürlər. Getdikcə doza artır və nəhayət orqanizm buna dözmür. Hepatit C, “SPİD” kimi ağır xəstəliyə tutulub ölənlər də var.
Keçmiş narkoman: “ Narkotikdən yeganə xilas yolu iradədir. Ona görə də bütün məhrumiyyətlərə dözüb bu yoldan döndüm. Narkotika sayəsində tapdığım “dostlar”dan, o mühitdən uzaqlaşdım. Özümü təcrid etdim və nəhayət, yaxa qurtardım”.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”