Türk dövlətlərinin birliyi daha da möhkəmlənəcək
- 19.11.2021, 11:14, Baxış sayı:
- 407
Facebook
Вконтакте
Одноклассники
Google+
Elşad MÜHƏDDİNOV, Bulaqlı kənd tam orta məktəbinin direktoru
İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından tarixi hadisədir. Toplantıda qəbul edilmiş qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək.
12 ildir fəaliyyət göstərən Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Türk Şurasına sədrliyi dövründə Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, respublikamız Şuraya sədrliyi dövründə türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini artırıb.
44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və bu amil qələbəmizdə mühüm rol oynadı. Ümumiyyətlə, Türk Şurası ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edilib.
Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı qələbəsi bütün türk dünyasının zəfəridir. Azərbaycan və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu. Türk dünyası ölkələrinə bir təhdid olarsa, bundan sonra birlikdə qərar almaq imkanı yaranır. Bu isə çox doğru addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin əhəmiyyətindən, Vətən müharibəsində qazanılan qələbənin önəmindən ətraflı bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin türk dünyası üçün önəmi xüsusi vurğulanıb. Azərbaycan xalqı olaraq bizim üçün Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir. Bu mükafat Türk Ölkələrinin Dövlət Başçıları Şurasının qərarı ilə dövlət başçısına təqdim olunub. İlham Əliyev bu ali mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülüb. Biz öz Prezidentimizlə qürur duyuruq və inanırıq ki, dövlət başçısının fəaliyyəti yeni-yeni zəfərlərlə müşayiət olunacaq.