Fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilat-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Yarandığı dövrdə dörd ölkənin iştirakı ilə - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan – yaradılan təşkilat hazırda yeddi üzvə malikdir ki, bu da təşkilatın cəlbediciliyinin sübutudur. Ötən günlərdə İstanbulda təşkilatın VIII Zirvə Görüşü həyata keçirildi. Zirvə Görüşündə Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi. Beləliklə, qarşıdakı iki ildə Təşkilata sədrlik qardaş Türkiyə Cümhuriyyəti tərəfindən həyata keçiriləcək. İstanbulda keçirilən Zirvə görüşü bir çox diqqət çəkən məqamlarla yaddaşlara həkk olundu. İlk öncə qeyd edək ki, COVİD-19 pandemiyasının dünyanı cənginə aldığı 2019-cu ilin sonlarından etibarən ilk dəfədir ki, dövlət başçıları ənənəvi qaydada bir araya gəldilər. Bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyan bu mötəbər görüş İstanbulda, Demokratiya və Azadlıqlar Adasında baş tutdu.
Bildiyimiz kimi, son 2 ildə Azərbaycan bu birliyə sədrlik edib və ölkəmizin rəhbərlik dövrü uğurla və məsuliyyətlə icra olunub. Baxmayaraq ki, sözü keçən dövr bir sıra çətinliklərlə-daha dəqiq pandemiya ilə əlaqədar ictimai və iqtisadi problemlərlə, 44 günlük Vətən müharibəsi dövründə yaşanılan siyasi və hərbi gərginliklərlə müşahidə olunub, ancaq Azərbaycan daima öz vəzifələrini, məsuliyyətlərini uğurla yerinə yetirib. Bunun təsdiqi kimi ölkə başçımız cənab İlham Əliyev təşkilatın sədrliyini qardaş Türkiyə Cümhuriyyətinə təhvil verərkən olduqca yüksək bir mükafata – Türk Dünyasının Ali Ordeninə layiq görülüb. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”. Həqiqətən də Azərbaycanın 27 illik işğal dövründən sonra Qarabağda və Şərqi Zəngəzurda öz gücünə işğalı sona çatdırması və BMT TŞ-nin eyni müddətdir ki, kağız üstündə qalan Qətnamələrini icra etməsi olduqca əlamətdar və tarixi hadisə idi. Bu həm də bütün türk dünyasının uzun müddətdir ki, əldə etdiyi ilk böyük qələbə idi. Təbiidir ki, bu Qələbə Azərbaycanın Cənubi Qafqazda və o cümlədən bütün dünyada nüfuzunun yüksəlməsinə və qalib ölkə statusuna malik olmasına şərait yaratdı. Türk dünyası da çoxdan həsrətində olduğu bu Qələbədən böyük məmnunluq və fəxarət hissi keçirdi.
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə geniş nitqlə çıxış edərək, bir çox vacib məqamlarla bağlı fikirlər səsləndirdi. İlk öncə 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəklə bağlı danışan ölkə başçımız bunun Azərbaycan xalqına əlavə güc verdiyini ifadə etdi. Bildiyimiz kimi, Azərbaycan-Türkiyə əlaqələri dünyada nümunəvi münasibətlər sırasında ilk yerlərdədir. Bu əlaqələrin kökündə tarixi, dini, milli birlik dayanır. Bu birlik 44 günlük savaşda və savaşdan sonrakı bərpa prosesində də özünü göstərməkdədir. Xatırladaq ki, yaxın keçmişdə, daha dəqiq ötən ayın 26-da işğaldan azad olunuş torpaqlardakı ən böyük layihə olma xüsusiyyətini daşıyan Füzuli Beynəlxalq Hava Limanının inşasında da türk şirkətləri iştirak etmiş və Azərbaycana dəstəklərini ifadə etmişdir. Eyni zamanda həmin gün türk dünyasının iki lideri- cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan azad olunmuş torpaqlarda növbəti nəhəng layihənin- Zəngəzur dəhlizinin əsasını qoymuşlar. Zəngəzur dəhlizinin açılması ortaq tarix, din, dil və mədəniyyətləri bölüşən Türkdilli Dövlətlərin coğrafi baxımdan da birləşməsinə şərait yaradır. Zirvə Görüşündə çıxış edən ölkə başçımız coğrafi ayrılmanın tarixinə toxunaraq diqqətə çatdırmışdır ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.
İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü İstanbul Bəyannaməsinin imzalanması ilə əlamətdar oldu. Bu bəyannaməni Naxçıvan Bəyannaməsinin davamı olaraq da xarakterizə etmək olar. Bu dəfə türk dövlətləri daha geniş formatda, daha geniş hədəflər müəyyənləşdirərək yeni adla bir araya gəldilər. 2040-cı ilə hesablanan “Türk Dünyasına Baxış” adlı hədəflər isə məlumdur: bütün maneələri aradan qaldırmaq, siyasi, iqtisadi, nəqliyyat, səhiyyə, mədəniyyət və digər sahələrdə daha sıx əməkdaşlıq, birlik. Məlum olduğu kimi, qurumun adının dəyişdirilməsi, təşkilatın statusunun yüksəldilməsi, Türkmənistanın Türkdilli Dövlətlər təşkilatına müşahidəçi kimi qatılması dövlətlər və xalqlar arasında həmrəyliyi və əməkdaşlığı daha da gücləndirəcək. Beləliklə, şübhə yoxdur ki, bundan sonra atılacaq addımlar təşkilatın əhatə dairəsinin, beynəlxalq nüfuzunun, proseslərə təsirinin daha da artmasına mühüm töhfə verəcəkdir.
Fatimə Məmmədova,
Sabirabad rayon Heydər Əliyev
Mərkəzinin məsləhətçisi