Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə etdiyi tarixi səfərlə bu ərazilərin gələcək inkişafı ilə bağlı planların icrasına start verildi. Dövlət başçısının səfəri zamanı etdiyi açılışlar və qatıldığı təməlqoyma mərasimləri bir daha Azərbaycanın yaradıcı ruhunu və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymaqla Azərbaycan xalqının özünün milli və dini dəyərlərinə hər zaman xüsusi ehtiramla yanaşdığını bir daha təsdiq edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həqiqətən də möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimiz, qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. Artıq məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində yeni salınan kəndlər ən müasir texnologiyaların tətbiqi ilə qurulacaq. Ağıllı kənd və qəsəbələr artıq sadəcə bir layihə deyil, kommunikasiya və infrastrukturları qurulan, gerçək simaları sürətlə formalaşdırılan real yaşayış məskənləridir. Əlbəttə ki, bu ərazilər tezliklə məskunlaşdırılacaq, insanlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilən bir xalqdır.
Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə etdiyi səfər çərçivəsində yerli əhali üçün inşa ediləcək məscidin təməlini qoyması xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq. Maraqlıdır ki, Vətən müharibəsi başa çatandan dərhal sonra artıq bəzi Qərb dövlət liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri ilə bağlı məsələ qaldırırdılar. Onları guya ki, bu məbədlərin aqibəti narahat edirdi. Əlbəttə ki, belə davranış daha çox xristian məbədlərinə dair narahatlıqdan deyil, öz cəmiyyətlərində və dünyada islamofob hissləri qızışdırmaq məqsədilə sərgilənirdi.
Prezident İlham Əliyevin öz çıxışlarında dediyi kimi, bu kimi məsələ qaldıranlar çox zaman müsəlman məbədlərinin talan və təhqir edilməsinə, dağıdılmasına göz yuman və hətta bu əməlləri törədənlərə bəraət qazandıranlar olublar. Onların qaldıırdıqları məsələlər barədə danışmağa ümumiyyətlə haqqları yoxdur. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman ölkəmizin ərazisində olan bütün məbədləri tarixi sərvətimiz hesab edib. Bundan sonra da bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə dostluq, qardaşlıq şəraitində yaşayacaqlar.
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər
tam orta məktəbinin tarix müəllimi