• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

BÖYÜK QAYIDIŞ: Ərazilərin bərpası Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi və nəzarəti altında aparılır

  • 05.05.2021, 14:33, Baxış sayı:
  • 501
BÖYÜK QAYIDIŞ:  Ərazilərin bərpası  Azərbaycan Prezidentinin  birbaşa rəhbərliyi və nəzarəti altında aparılır
44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir. İlkin olaraq yol-nəqliyyat və enerji infrastrukturun bərpası ilə bağlı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də göstərdi ki, işğaldan azad olunmuş ərazilərimiz ən qısa müddətdə yenidən qurulacaq.
Bu, Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra Qarabağa etdiyi yeddinci səfər idi. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə 6 ayda 7 dəfə səfər etməsi, ilk növbədə, onu göstərir ki, Qarabağın bərpası İlham Əliyevin qarşıya qoyduğu milli prioritetdir. Bu səfəri əvvəlkilərdən fərqləndirən məqam isə azad olunmuş ərazilərdə artıq yaşayış məntəqələrinin bərpası layihəsinə start verilməsidir.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər.
Əvvəlcə Cəbrayıl rayonuna gələn dövlət başçısı bu rayonun girişində bərpa edilən “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi ilə tanış oldu. Prezident qeyd etdi ki, burada Sovet vaxtı qoyulmuş bu abidə işğal dövründə tamamilə sökülüb, paslanıb. Tarixi ədalət bərpa olunaraq, Cəbrayıl rayonunun girişində yerləşən “Xoş gəlmişsiniz!” lövhəsi, abidəsi yenidən bərpa edilib.
Prezidentin Cəbrayıl rayonunun girişindəki bu yazıya diqqət yetirməsi tarixi zərurətdən irəli gəlir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin adları, yol göstəriciləri dərhal dəyişdirilməyə başlanmışdır. Gələcək nəsillərin tarixi yaddaşı üçün yaşayış məskənlərinin həqiqi adlarının yenidən özlərinə qaytarılması vacib məsələdir.
İşğaldan sonra dərhal bu bölgələrdə yenidənqurma işlərinə və tarixi toponimlərin qaytarılmasına start verilib.
Vətən müharibəsinin hələ davam etdiyi günlərdə Azərbaycan Ordusunun mühüm hərbi nailiyyətlərindən biri İranla dövlət sərhədinə nəzarətin təmin edilməsi olmuşdu. Müharibədən sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin qurulmasına başlanılıb. Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin yaradılması da görülən işlərin bir nümunəsidir.
“Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Sərhəddən keçən hər iki ölkənin vətəndaşları bundan faydalanırlar. Eyni zamanda ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”, - deyə dövlət başçısı hərbi hissənin açılışı zamanı sərhədçilərlə görüşündə qeyd etdi.
İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsi Azərbaycanın səla­hiyyətindədir. Bundan sonra həmin ərazi Azərbaycan sərhədçiləri tərəfindən mühafizə ediləcək.
Müharibədən sonra Ermənistanda bəzi qüvvələr hələ də məğlubiyyətlə barışmaq istəmir, Azərbaycana qarşı təhdidlərlə çıxış edirlər. Azərbaycan Prezidenti sərhədçilərlə görüşündə Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq mesajı göndərərək dedi: “Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sər­­həd­­çilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”.
Prezident İlham Əliyev Zəngilana səfər zamanı Ağalı kəndində “Ağıllı kənd”in təməlini qoydu. Ermənistan sərhədləri yaxınlığında yerləşən bu kənddə ən müasir dünya standartlarına cavab verən layihələrin həyata keçirilməsi, kəndlərarası yeni yolların çəkilməsinə başlanılması, təbii ki, qonşuluqda yaşayan ermənilər üçün ciddi sınaq dərsi olacaq. Biz bu gün çox qısa vaxt ərzində Zəngilanın Ağalı kəndi timsalında işğaldan azad olunmuş ərazilərdə ən müasir texnologiyalara əsaslanan quruculuq prosesinə başlanılmasının şahidiyik.
Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.
Ağalı kəndində Prezident bu layihələrdə iştirak edən Türkiyə, Çin, İsrail, İtaliya şirkətlərinin nümayəndələri ilə söhbət apardı. Məlum oldu ki, bir çox şirkətlərlə yanaşı, texnologiyaları sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. Eyni zamanda Qafqazda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş bölgələrdə şirkət tərəfindən “Qiqabit AirPON” texnologiyası istifadəyə veriləcək. Şirkət “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.
Prezident İlham Əliyevin Ağalı kənd sakinləri ilə səmimi görüşü, vətəndaşların dövlət başçısına minnətdarlığı, kənd sakinlərinin doğma torpaqlarına köçməyə hazır olması hər bir azərbaycanlının qürur duyacağı səhnələr idi.
Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.
Azərbaycan Prezidenti Zəngilana səfəri zamanı bölgənin gələcəyi üçün hərbi-iqtisadi strateji əhəmiyyət daşıyan hava limanının təməlqoyma mərasimində iştirak etdi. Burada xüsusilə vurğulamaq lazımdır ki, inşası sentyabr ayında başa çatması planlaşdırılan Füzuli aeroportu kimi, Zəngilandakı hava limanı da bütün növ təyyarələri qəbul edəcək və beynəlxalq hava limanı statusu daşıyacaq.
Prezident İlham Əliyev qeyd etdi ki, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır: “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Qeyd etmək lazımdır ki, Zəngilan və Laçın hava limanları olduqca vacib əhəmiyyət daşıyacaq. Bu aeroportlar həm iqtisadi, həm də hərbi logistika baxımından xüsusi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun da təməlini qoydu.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Prezident İlham Əliyev səfər zamanı Zəngilanda məsciddə olub. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirib, yaxın vaxtlarda tikintiyə start veriləcək. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Zəngilanda dağıdılmış məscidlə tanışlıqdan sonra məscidin necə olubsa, elə də bərpa etmək lazım olduğunu bildirmələri tarixə verilən qiymətin nümunəsidir. Çünki bu gün bütün dünyada tarixi abidələrin saxlanılması və bərpasının aktual olduğu bir vaxtda öz qədimliyi ilə seçilən ölkəmizdə də belə abidələrə qiymət vermək olduqca vacibdir. Heydər Əliyev Fondu artıq uzun illərdir, Azərbaycanın tarixi-mədəni abidələrinin qorunmasında mühüm rol oynayır.
Ümumiyyətlə, Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran İslam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər.
Prezident İlham Əliyevin ailəsi ilə birlikdə işğaldan azad olunmuş rayonlara müntəzəm səfərləri onun göstəricisidir ki, dövlət başçısı şəxsən bütün bu proseslərə rəhbərlik edir və Azərbaycanın bütün torpaqlarına böyük diqqət və qayğı ilə yanaşır. Azərbaycan Prezidentinin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.

“Muganın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter