“Ailə vəziyyətimiz çox ağırdır”
Hörmətli redaksiya,
İkinci Vətən müharibəsinin könüllü iştirakçısıyam, 5 uşaq atasıyam. Hamısı məktəblidir.
Bu ilin iyul ayının 1-dək ünvanlı sosial yardım alırdıq. Onu da dayandırıblar. Ciddi maddi çətinlik çəkirik. İşıq və qaz pulunu ödəyə bilmirik. Uşaqların məktəb ləvazimatlarını almaq imkanımız yoxdur.
Xahiş edirik, ünvanlı sosial yardımın dayandırılması barədə yuxarı dövlət orqanları qarşısında məsələ qaldırın. Ailə vəziyyətimiz çox ağırdır
Elşən İSMAYILOV,
Rüstəmli kənd sakini
Çarəsiz ailə kömək istəyir
Hörmətli redaksiya,
Bu il avqustun 14-də Zəngənə kəndində bacım İsgəndərova Məleykə Novruz qızının fərdi yaşayış evində gecə saat 03:30-da yanğın baş vermişdir. Bacımın həyat yoldaşı Təvəkkülov Rafət Sabir oğlu I qrup əlildir. Iki övladları var. Hər ikisi əlildir.
Yanğının səbəbi məlum deyil. Yanğından mühafizə hissəsinə vaxtında məlumat verilib. Ancaq yanğının qarşısı alınanadək artıq yenicə təmir olunmuş yaşayış evi xarabalığa çevrilib.
Ailə 3 əlillə qapılardadır.
Xahiş edirik, aidiyyəti təşkilatlar yanğının hansı səbəbdən baş verməsini bizə desinlər, çarəsiz ailəyə kömək olunsun.
Turanə ABUŞOVA,
Sabirabad şəhəri, H.Həmidov küçəsi, 4