Bizə yazırlar. Qazilər kömək istəyirlər
- 14.04.2021, 07:49, Baxış sayı:
- 505
Facebook
Вконтакте
Одноклассники
Google+
Rayonun Cəngən kəndindən II Vətən müharibəsinin iki qazisindən məktub almışıq. Məktubları həyəcansız oxmaq mümkün deyil. Hər iki qazi döyüşdə ağır yara alıb, bu gün ağır məhrumiyyət içərisindədirlər. Aidiyyatı təşkilatlar, gəlin vətənpərvər oğullarımıza dayaq durağın. Aşağıda onların məktublarını ixtisarla dərc edirik.
Hörmətli redaksiya!
Cəngən kənd sakiniyəm. 2019-cu ilin iyunun 25-də həqiqi hərbi xidmətə çağırılmışam. Bərdə rayonunda “N” saylı hərbi hissədə xidmətdəykən II Qarabağ müharibəsinə qatılmışam. Oktyabrın 2-də yanımda partlayan mərmidən sinəmdən və qarın nahiyəmdəm ağır yaralanmışam. Həkimlər ciyərimin bir hissəsini kəsib götürüblər. Onların səyi nəticəsində sağalmışam. Bu günlərdə orduya yararsız kimi tərxis olunmuşam. Yaralarımdan və sinəmdə qalan qəlpədən əziyyət çəkirəm. Həkimlər deyirlər ki, qəlpəni çıxartmaq təhlükəlidir, sinirlərim zədələnə, iflic ola bilərəm. Odur ki, daim həkimlərin nəzarəti altında yaşamalı, lazımi iynələri vaxtında vurdurmalıyam ki, orqanizmim zəhərlənməsin.
Maddi çətinliklər içərisindəyəm. Kömək edin.
Cəfərov Abbasağa Teymur oğlu,
Cəngən kənd sakini, qazi
***
Hörmətli redaksiya!
Həqiqi hərbi xidmətdə olarkən II Qarabağ müharibəsi başladı. İlk gündən müharibəyə yollandıq. Suqovuşan istiqamətində gedən döyüşlərin birində Baramat meşəsini düşməndən təmizləyərkən manqamızla bərabər pusquya düşdüm. İri çaplı silahdan açılan atəşlə hər iki ayağımdan beş güllə yarası aldım. Altı aydır ki, yataq xəstəsiyəm. Dörd dəfə hərbi hospitalda, yeddi dəfə “Yaşat” fondunun dəstəyi ilə əməliyyat olunmuşam. Maddi cəhətdən böyük sıxıntı içərisindəyəm. Dərmanlarımı belə vaxtlı-vaxtında ala bilmirəm. Kömək edin.
Cəfərli Şiraz Oruc oğlu,
Cəngən kənd sakini, qazi