Bol qarpız məhsulu tədarük olunub
- 19.08.2021, 20:09, Baxış sayı:
- 313
Facebook
Вконтакте
Одноклассники
Google+
Qədimlərdən doğma Azərbaycanımız yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Ölkəmiz bir sıra bağ-bostan məhsulları ilə də məşhurdur. Məsələn, Bakının ənciri, Ordubadın şaftalısı, Lənkəranın çayı, Qubanın alması, Gədəbəyin kartofu, Kürdəmirin yemişi, Göyçayın narı və s. deyirlər. Barlı-bərəkətli Muğan torpağı olan Sabirabad isə bir çox kənd təsərrüfatı məhsulları ilə yanaşı, qarpızı ilə də məşhurdur. Rayonda yetişdirilən qarpızın şan-şöhrəti ölkəmizdən çox-çox uzaqlara da yayılıb. Əbəs yerə deyildir ki, Sabirabad rayonu respublikada “qarpızın vətəni” statusunu qazanmışdır. Heç də təsadüfi deyildir ki, 2016-cı il avqustun 19-da Sabirabad rayonunda ilk dəfə olaraq “Qarpız festivalı” keçirilmişdir.
Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpız əkininə Sabirabad fermerlərinin marağı ilbəil artır. Rayonun Axısxa, Azadkənd, Qaratəpə, Şəhriyar, Cavad, Yolçubəyli, Əhmədabad, Kürkəndi, Quruzma və digər kəndlərinin sakinləri bu işə böyük maraq göstərirlər. Bu ərazilərdə yetişdirilən məhsul yüksək keyfiyyətinə görə seçilir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan verilən məlumata görə, ötən il rayonda 3303 hektar sahədə qarpız əkini aparılıb. Bu sahələrdən 353,9 sentner məhsuldarlıq əldə edilib. Bu il isə rayonda 3314 hektarda qarpız yetişdirilib. Fermerlər hər hektardan 376 sentnerdən çox qarpız məhsulu götürmüşlər. Ayrı-ayrı fermerlər daha yüksək məhsuldarlığa nail olmuşlar.
Fermerlər məhsul yığımını itkiyə yol vermədən başa çatdırmışlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.
“Muğanın səsi”