Redaksiyamıza “Əmin bazar”da alış-veriş edən bir neçə vətəndaş müraciət edərək həmin ticarət mərkəzindən onlara verilən çeklərdə “vergiödəyicisinin VÖEN”inin göstərilməməsindən şikayətlənmişlər (həmin çeklərin fotosurəti).
Araşdırma zamanı “Əmin Bazar”ın müştərilərə verdikləri alış-veriş çeklərində təkcə “vergiödəyicisinin VÖEN”i deyil, digər ciddi qanun pozuntularına da yol verildiyi müəyyən edilmişdir.
“Əmin Bazar”ın (Əmin Qastronom Satış mərkəzi) 150 manat 44 qəpiklik 3 kassa çekində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8 maddəsində nəzərdə tutulan aşağıdakı məlumatlar öz əksini tapmamışdır:
1. Vergiödəyicisinin VÖEN-i;
2. Vergi orqanındakı uçot kodu;
3. Ölçü vahidi;
4. ƏDV və ya sadələşdirilmiş verginin məbləği;
5. Kassa aparatının fiskal rejimin nişanı (əlaməti);
6. Malın sürətli məlumat kodu (Quick Response Code);
7. Çekin növü (satış, geriqaytarma və ya ləğv etmə);
Göründüyü kimi, “Əmin bazar”ın nəzarət-kassa çekləri hüquqi baxımdan yararsızdır. Belə çeklərlə alış-veriş aparmaq Vergi Məcəlləsinin 58-ci maddəsinin tələblərinə ziddir. Bu qanunsuz hərəkətlərə görə vergi ödəyicisinə, yəni “Əmin Bazar”a “Vergilərin azaldılması və digər hüquq pozmalara görə maliyyə sanksiyası” tətbiq olunmalıdır. Məcəllənin 58.7-ci bəndində bu açıq şəkildə göstərilib. Belə ki, texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə:
1. Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
2. Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
3. Təqvim ili ərzində belə hallar üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
“Əmin Bazar”da belə vergi fırıldaqlarıyla yanaşı, vaxtı keçmiş mallar da satılır. Bir neçə dəfə bunun şahidi olmuşuq. Yay aylarında vaxtı keçmiş ərzaq məhsullarının satışına dəfələrlə irad bildirmişik.
Narazı vətəndaşlar iddia edirlər ki, bu marketdə vitrin qiymətləri ilə kassa fiksasiya qiymətləri arasında ciddi fərqlər var. Həmçinin də adıçəkilən marketin «bonus kartları»na yüklənən xallarla bağlı olaraq hesablaşmalarda da istehlakçılar kobud şəkildə aldadılır.
İndi söz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinindir. Əminik ki, qanunun aliliyi təmin olunacaq.
Rauf QARAYEV- “Muğanın səsi” qəzetinin xüsusi müxbiri