İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Bunun real keys olmasının səbəbi, zənnimcə konspiraloji nəzəriyyələrin mövcudluğudur. Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Gənclər arasında yayılan fikirlər ilə bağlı müəyyən məlumatım var. Onlar elə düşünürlər ki, bu xəstəlik ancaq yaşlılar üçün təhlükəlidir və məhz bu səbəbdən çox məsuliyyətsiz yanaşmaları formalaşıb. Əlbətdə statistik olaraq COVID-19 xəstəliyi səbəbindən fatal nəticələr daha çox yaşlı təbəqə insanlara aid olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən 100% qorunub. Həmçinin bu düşüncə çox egoistik bir düşüncədir. Cavanlar anlamalıdırlar ki, onlar xəstələndiyi an yaşlı insanları təhlükə altına atmış olurlar. Anlamaq lazımdır ki, peyvəndlər digər insanları da qoruyur.
Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılıb. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Vaksinasiya cəmiyyətin sağlam inkişafı, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
COVID-19 xəstəliyi əleyhinə iki dozada vaksinasiya olunanlara "Peyvənd sertifikatı", xəstəliyə yoluxub sağalmış şəxslərə isə "İmmunitet sertifikatı" verilir.
Beləliklə, əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dövlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir. Dövlətimizlə yanaşı hər bir vətəndaşımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq.
Sabirabad rayonunda respublikamızın hər yerində olduğu kimi əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Bu günə kimi Sabirabad rayonu üzrə ümumilikdə 71554 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 42850 nəfər birinci doza, 28704 nəfər isə ikinci doza peyvənd olunmuş, bu da rayon əhalisinin təxminən 24 faizinin peyvən olunması deməkdir.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq.
Əlişirin Əliyev,
Sabirabad RMX-nın
Poliklinika şöbəsinin müdiri