]
Azərbaycan Ordusunun yaradılmasının 103-cü ili tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı müvafiq Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.
Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
Azərbaycan müstəqil olmadığı zaman qəhrəmanlıq ənənələrimizin davam etdirilməsi, zəngin hərb tariximizin canlandırılması, gənclərin bu qəhrəmanlıq nümunələri üzərində tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi fikirləri həmişə Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bunun nəticəsi idi ki, sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Sovet rejiminin böyük müqavimətinə baxmayaraq, Cəmşid Naxçıvanski adına xüsusi-internat məktəbin açılması, Bakı şəhərində yerləşən hərbi məktəblərdə azərbaycanlı kursantların sayının artırılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlıların sıralarının genişləndirilməsi Heydər Əliyevin milli hərbi ənənələrin canlandırılması sahəsindəki tarixi fəaliyyətinin əyani nümayişidir. Ulu Öndər sonradan xatırlayırdı ki, “Bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu, bizə lazım olacaqdır”. Doğrudan da, məhz Heydər Əliyevin qayğısı ilə sovet hakimiyyəti illərində yetişmiş olan milli hərbi kadrlar Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun milli ordusunun kadr heyətinin əsasını təşkil etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun ən yaxşı ənənələrini yeni səviyyədə, yüksək keyfiyyətdə davam etdirən müasir ordumuzun əsasını da məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu istiqamətdə köklü dəyişikliklər isə onun radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. Bu tarixi müraciətdən sonra ordu quruculuğu sahəsində başlanan uğurlu işlər atəşkəs dövründə daha yaradıcı şəkildə davam etdirildi və qısa müddətdən sonra Azərbaycan Ordusu çox qüdrətli bir qüvvəyə çevrildi. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini çox böyük məmnunluqla qeyd etmişdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətmizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunun dövlət quruculuğunun prioritet istiqamətinə çevrilməsi bu prosesin ahəngdarlığına və səmərəliliyinə əsaslı bir zəmin yaratmışdır. Nəticədə, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsində, onun dünyanın ən müasir silah və hərbi texnika ilə təchiz edilməsində, ordunun infrastrukturunun yenilənməsində, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsində keyfiyyətcə yeni bir mənzərə meydana çıxmışdır.
Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycanın ərazisi kimi tanınsa da, 30 ilə yaxın müddətdə erməni təəssübkeşliyinin və ikili standartların nəticəsi olaraq beynəlxalq ictimaiyyət, xüsusən Qərb dünyası ermənilərin işğalçılıq siyasətinə, Azərbaycan ərazilərinin işğal altında qalmasına göz yumdu. Azərbaycanın isə Ermənistanın işğal siyasətinə və danışıqlar prosesini imitasiya etməsinə qarşı səbri tükənməz deyildi.
Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat tariximizə Vətən müharibəsi kimi düşən savaşa yol açdı. Şanlı ordumuz elə həmin gün başlatdığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Savaşın ilk günündən bütün dünya Azərbaycanın gücünü, ordumuzun döyüş əzmini gördü. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi böyük sevinclə qarşılandı.
Noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Şuşanın işğal olunduğu və eyni gündə azad edildiyi - noyabr ayının 8-i tariximizə Qələbə Günü kimi həkk olundu. Bu Qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu.
Amma hər bir zəfər, hər bir uğur məqsədyönlü və düşünülmüş fəaliyyətə, müdrik və uzaqgörən siyasətə əsaslanır. Buna müvəffəq olanlar isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətinin artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.
İndi biz Dağlıq Qarabağ problemindən kədər hissi ilə deyil, qələbə ruhu ilə söz açırıq. Həm də artıq “Dağlıq Qarabağ münaqişəsi” deyilən anlayış yoxdur. Azərbaycana böyük zəfər yaşadan Qalib Sərkərdə İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bu anlayışı da aradan qaldırdı. İlham Əliyevin bəyan etdiyi kimi: “Bizim Qələbəmiz tarixi Qələbədir və biz tarixi ədaləti bərpa etdik”.
Əli HÜSEYN,
“Muğanın səsi”