• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətəni sevdi və yolunda şəhid oldu

  • 15.06.2021, 15:20, Baxış sayı:
  • 300
Vətəni sevdi  və  yolunda   şəhid  oldu
Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi və əsgərlərimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qələbəmiz dünya ictimaiyyətinə bir daha məğlubedilməz olduğumuzu sübut etdi. Azərbaycan Ordusunun peşəkarlığı reallığa yeni imza atdı. Hətta özünü məğlubedilməz sayan işğalçı Ermənistanı belə mat qoydu. Vətən müharibəsində əldə etdiyimiz qələbə bütün dünyaya hərbi gücümüzü və qüdrətimizi, birmənalı olaraq birliyimizi nümayiş etdirdi. Bununla da digər torpaqlarımız qansız-qadasız boşaldıldı.
Şuşada keçirilən “Xarıbülbül” - 30 illik fasilədən sonra şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bu festival hərbi və iqtisadi gücümüzə bələd olmayan ölkələrə mesaj idi.
“Xarıbülbül” festivalındakı nitqində ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, biz bu gün üçün qəhrəman hərbçilərimizə borcluyuq.
Mərd oğullarımızın canı və qanı bahasına qazanılan qələbədə həmyerlimiz, şəhid Cəfərov Mətləb Məhəmməd oğlunun da payı var.
Cəfərov Mətləb Məhəmməd oğlu 1977-ci il noyabrın 19-da Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd orta məktəbinin IX sinfini bitirib Bakıdakı kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirmişdir. Xoş rəftarı və səmimiyyəti ilə fərqlənən Mətləb 1995-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin zoomühəndislik fakültəsinə daxil olmuş, 1999-cu ildə universiteti bitirmiş və hərbi xidmətə yollanmışdır. Baş leytenant, ehtiyatda olan zabit idi.
Həyat yoldaşı, Sabirabad şəhər N.Nərimanov adına 2 saylı təbiət təmayüllü beynəlmiləl tam orta məktəbin fizika müəllimi Vüsalə Cəfərovanın dediklərindən:
- Mətləb işgüzar, əməksevər idi. Hazırda onun barəsində keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Arzuları çox idi. Övladlarının gələcəyi üçün narahat olan ata, cəfakeş ailə başçısı idi. Torpağa, el-obaya bağlı idi. Uzun illər öz sahəsində təcrübə qazanmaq üçün xarici səfərlərdə olmuşdu. Lakin onu daha çox yurd-yuvalarımızın işğalçı Ermənistan tərəfindən zəbt olunması və onun həlli yolu düşündürürdü. Hansı ölkədə olurdusa bu barədə məlumat verir, haqq səsimizi bacardığı qədər digər xalqlar arasında yaymağa çalışardı.
Ailənin ilk və sevimli övladı olduğundan valideynləri onunla hesablaşardı. 2003-cü ildə ailə qurmuşduq. Bir dəfə də olsun evə söz-söhbət salmazdı. Səhhətində bəzi problemlər olduğundan 2020-ci ilin sentyabrında Naftalana müalicəyə getmişdi. Açığı, iki il əvvəl iflic keçirmişdi. İkinci Qarabağ müharibəsinin başlandığını da orada olarkən eşidib rayona qayıtmış və birbaşa rayon hərbi komissarlığa gedərək qeydiyyatdan keçmişdi.
Evə gələndə həyatımda birinci dəfə idi ki, (müharibəyə gedəcəyini bidiyimdən) onun fikrinə etiraz etməyə hazır idim. Heç bir vaxt yadımdan çıxmayacaq bir vəziyyətin şahidi oldum. Əvvəl evimizdə sükut yarandı. Məsələni mən açdım. Xəstə olduğunu nəzərinə çatdırdım və bu barədə həkimin verdiyi bütün sənədləri masanın üstünə tökdüm. Uşaqlar narahat olmasın deyə, qapıları örtdüm və müharibəyə getməməsi üçün xeyli yalvardım. Sanki məni eşitmirdi. Birdən sənədləri bir yerə səliqə ilə yığdı və var qüvvəsi ilə cırdı. Sakit tərzdə uşaqları çağır,-dedi. Uşaqlara və mənə yer göstərdi. Hüseynin 16, Sübhanın 14 yaşı olduğunu bir daha xatırlatdı. Onları qucağına sıxdı, pıçıltılı səslə: “Mən zabitəm. Vətən dardadır. Xəstə olsam da getmək məcburuyyətindəyəm. Məni heç kəs saxlaya bilməz. Ananızı sizə, sizi isə Allaha tapşırıram. Özünüzdən, ananızdan və bir də mənim anamdan muğayət olun. Şər deməsən, xeyir gəlməz. İşdir, şəhid olsam, başınızı dik tutun. Yadda saxlayın ki, hər adama şəhid adı daşımaq nəsib olmur. Sizə güvənirəm”,-dedi. Sən demə, bizdən əvvəl anası ilə görüşə gedibmiş. Dinə bağlı, oruc- namazlı idi. Anasını da dünyalar qədər sevir və hörmətini tuturdu. Odur ki, anası ilə birinci halallaşıb, onun xeyir-duasını almışdı.
Oktyabrın 15-də cəbhəyə yola düşməmişdən öncə, qonşularımız bizə yığışmışdı. Hamısı ilə görüşdü, sonda bizi-canı qədər sevdiyi ailəsini onlara tapşırıb yola düşdü.
Cəbhədə olarkən evə yalnız ağır döyüşlərdən qayıdandan sonra zəng edərdi. Onda da “hər şey əladır, Qələbə bizimlədir”, - deyərdi.
2020-ci il noyabrın 2-də Qubadlı uğrunda gedən döyüş zamanı bunları aparan maşına mərmi düşüb. Ayağını ombutasiya edən həkimlərin səyinə baxmayaraq atılan mərmi fosforlu olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. 18 gün komada qalmış və sonda şəhid olmuşdur. Özü dediyi kimi, Vətənini sevdi və yolunda şəhid oldu.
2020-ci il noyabrın 20-də Mətləb Cəfərov Nərimankənd kənd qəbristanlığında torpağa tapşırıldı. Həmin gün hava yağmurlu idi. Sanki göydən nur ələnirdi. Bu pak damcılar məzaradək Mətləbi müşaiyət edir, eloğullarının göz yaşlarını yuyur, onlara təsəlli verirdi.
Elindən, obasından, doğmalarından əbədi ayrılan Mətləb noyabrın 19-da dünyaya gəldi, noyabrın 20-də dünyadan köçdü...
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mətləb Məhəmməd oğlu Cəfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Rauf QARAYEV,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter