Hörmətli redaksiya,
Mən Sabirabad rayonunun Çöl Beşdəli kənd sakiniyəm. Əkib-becərmək üçün pay torpağımız yoxdur. Ailə vəziyyətimiz çox ağır olub, bu gün də elədir. Iki məktəbli övladımla ağır vəziyyətdə yaşasaq da heç vaxt heç bir təşkilatdan yardım ummamışam. Zəhmətimlə çörək qazanmaq istəmişəm. Bələdiyyə torpağı almaq üçün 2016-cı ildən başlayaraq rayon icra hakimiyyətinin başçısına, yuxarı təşkilatlara dönə-dönə müraciət etmişəm. Çox çək-çevirdən sonra bələdiyyə torpağından icarə qaydasında torpaq istəməyimə baxmayaraq, mənə kənd icra nümayəndəliyi 5 hektar torpaq təklif etdi, dedi ki, yaxın qohumumuzundu, ək-becər, dolan, gələn il, yəni 2020-ci ildə bələdiyyənin ehtiyat fondundan sənə 5 hektar torpaq veriləcək. Məni razı saldıqları barədə izahatımı da aldılar.
Naəlac qalıb götürdüm. Pambıq əkmək üçün “Azərpambıq”ınn Nizamikənddəki filalı ilə müqavilə bağlamaq istədim. Dedilər torpaq sənin adına deyil. Kənd icra nümayəndəliyi Natıq Dostaliyev adlı birisinin şəxsiyyətilə müqavilənin bağlanmasını təşkil etdi. Müqavilə üçün şirkətin işçiləri ölçü aparanda mənə verilən sahənin 5 hektar deyil, 4,2 hektar olduğu məlum oldu.
Yayın qızmar istisində çox çətinliklə pambıq becərdim. Su olmadığından kollektor suyu ilə suvarma apardım. Gecəli-gündüzlü zəhmətimin nəticəsində heç nə əldə edə bilmədim. Şirkətdən götürdüyüm mal-materialın və bir də mexanizmin xərclərini güc-bəla ilə ödədim. Gözümü subsidiyaya dikmişdim. Ancaq ona da sahib çıxanlar tapıldı. Ötən ilin sentyabrında məni rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin işçisi İlham Abdullayev çağıraraq fermer kartıma səhvən 880 manat yükləndiyini bildirərək, həmin pulun kartımdan çıxarılmasına icazə verməyimi istədi. Məni aldadıb sənədə imza atdlrdılar.
Bir neçə gündən sonra məlum oldu ki, kartıma subsidiya olaraq yüklənmiş 1073 manat pulun 880 manatı çıxarılıb. Sonrakı günlərdə həmin İlham Abdullayevlə dəfələrlə əlaqə saxlayıb kömək istədim, yalançı vədlər verib yola saldı. Mərkəzin işçisi Samir Kərimov isə heç zənglərimə cavab vermədi.
Ancaq mən pambıq əkini üçün yenə əvvəlki qaydada MKT şirkətinin Sabirabad filialı ilə müqavilə bağlamışam. Deməli yenə də mənə kələk gələcəklər, əməyimin bəhrəsini yenə kimlərsə mənimsəyəcək.
İndi öyrənmişəm ki, Natıq Dostalıyev adında Çöl Beşdəlidə heç kim yaşamır. Hardansa gəlib sakinlərin ehtiyacdan satdıqları pay torpaqlarını alıb. Bələdiyyənin ən münbit 50 hektar sahəsi də onundur. Axı, Prezidentimiz belə demir. Hər bir kənd sakininin yanında olduğunu bildirir. Bu azğınlıqdı.
Mən aldadılıb əlimdən alınan subsidiyamı geri istəyirəm. Bələdiyyədən də ailəmi dolandırmaq üçün torpaq istəyirəm. Bunun üçün dəfələrlə müraciət etmişəm. Bu günədək nəticəsi yoxdur.
Samirə ƏLİYEVA,
Çöl Beşdəli kənd sakini