Çar Rusiyası şimalı Azərbaycanı işğal etdikdən sonra təbii ki, bu məmləkətdən qazanc götürmək məqsədi güdürdü. Bunun üçün burada yaşayan xalqları, sənaye obyektlərini, torpaq sahələrini dəqiq hesabını çıxarmış, vergi ödəyicilərini müəyyənləşdirmişdi. Muğan düzü acınacaqlı vəziyyətə düşmüşdü. Torpaqlar boşalmış, çox az bir hissəsində heyvandarlıq və əkinçiliklə məşğul olan insanlar qalmışdı. Bir tərəfdən də baxımsızlıq üzündən Araz çayının məcrasından çıxaraq ətrafl bataqlığa çevirməsi Muğanı sanki insan yaşamayan bir diyara çevirmişdi. Ən böyük zərbəni Azərbaycan rusların işğalı zamanı aldı. Az -çox varlı insanlar, xanlar, bəylər, imkanlı adamlar rusların gəlişindən qorxaraq Azərbaycanın var-dövlətini, əntiq mallarını, mal-qaralarını İrana və Orta Asiyaya qaçırmışdılar.
Rus çarı 1820-ci ildə general-mayor, knyaz Mədətovun rəhbərliyi ilə Muğanda qalan kəndlərin başçılarının, yəni bəylərin siyahısını tərtib etdirmişdi (Arxiv F24.OП 1, Д.85).
Kür çayının sağ sahilində yerləşən Muğan torpağı, ruslar gələndə İrana qaçmlş Həsən xan Hüseynxan oğluna məxsus olmuşdu. Onun yerinə əmisioğlu Mustafa bəy keçmiş və rus dövlətinə vergini o verirdi.
General-mayor, knyaz Mədətovun Çara göndərdiyi məktub: (Arxiv Ф24. OП 1, 335)
“Muğanın mərkəzi Qalaqayın qalasıdır. Qalaqayın qalasında kəndlərin icraçı hakimləri və bəyləri yaşayır. Burada yerli adamlar olmur, amma qalada Muğanın kəndlərindən gəlmiş bir neçə ailə yaşayır ki, onlar da nökərçilik edirlər. Bəylı, nökərli cəmi 100 ailə qalada yaşayır.
Bütün Muğan düzündə 44 kənd (köç evi) vardır. Onlar bütövlükdə 400 ailədən ibarətdir. Kəndlərin rəhbərləri aşağıdakılardır.
Məmməd Rza bəy, Məlik, Məmməd Əli, Abdullas, Yolçu, Səfa Mirzə, Əhməd, Molla Abdulla, Cümşüd, Məmməd Hüseyn bəy, Ağa bəy, Əsədulla, Məhəmməd Kəlifey, Şahmurad, Kəlbalı, Abdulhüseyn bəy, Məlikməmməd bəy, Əli xan, Əhməd Əli, Əli, Talıb, Şərif, Məmməd Nəvi, Hüseyn, Cəfər, Maşad Nəzərəli, Əhməd, Məhməd, Kehnək, Sizi bəy, Əli Məmməd bəy, Potu bəy, Əli Mirzə, Axund Qasım, Ağa Rəhim, Seyid Qasım, Allahverdi, İbrahim-cəmi 38 bəy kəndlərin sahibdir.
Qalaqayın qalası 150 manat Şirvan pulu ilə Mustafa xana vergi verir. Rusiya hökuməti bura nümayəndə qoyduqdan sonra həmin pullar o nümayəndə tərəfindən alınaraq rus dövlətinə verilir.
Fars (Persiya) dövlətinin Muğandan keçən karvandanından hər yük üçün Qalaqayın bəyinə 6 abbası pul ödənilir.
Qalaqayın qalasından 4 ağac cənubda duz gölü mövcuddur.(1 ağac 6-7 km). O göllərdə istənilən qədər duz vardır. Bu duzlaq heç kəs tərəfindən yaranmamışdır. Nəzarətsiz qalan göllərdə, suyun quruması nəticəsində yaranıb. Burada çoxlu zəhərli ilan olur, o qədər də sağlam yer deyildir. Muğanlılar bu duzdan pulsuz istifadə edirlər. Şirvanlılar isə duzdan gəlib apararkən bir yükə bir abbası pul ödəməli olurlar. Bəzən də Talış tərəfdən gizli şəkildə aparanlar da olur.
Mustafa xanın Persiyaya qaçdığı vaxt 50 muğanlı ailə Talışa, 60 ailə isə Qarabağa qaçdı ki, etibarsız xan onları özü ilə aparmasın. Yerli xan onların qayıtmasını tələb etdi. Talışa gedənlər artıq qayıdıb. Qarabağ xanı Mehdiqulu xan isə bu günə kimi onları öz tabeliyində saxlayıb qaytarmaq fikri yoxdur.
Muğanlılardan hazırki vaxta kimi puldan başqa heç bir vergi tələb olunmayıb. Yalnız həmişə və hər bir vaxt Persiya tərəfindən orduya xidmətə çağırılarkən hazır olmaqları və həmişə qaraulda durmaları tələb olunub. Pullar yığılarkən xan bunlara 100 çervon bağışlayır, 350 – sini isə özünə götürür. Biz isə 500 ailə üçün 450 çervon yığılmasını tələb edirik”.
(Ardı var)